Ukraynaya ötürülən qaz: Rusiyadan sərt reaksiya

Tarix: 18:11 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürülməsini “hörmətsizlik” kimi qiymətləndirib. “Topnyus.ru” yazır ki, Moskva Bakının əsas hədəfinin Qazaxıstan nefti və Türkmənistan qazını Rusiyadan yan keçərək Avropaya çatdırmaq olduğunu hesab edir. Məhz bu gedişlərin Kremlə uyğun gəlmədiyi qeyd olunur. Məlumata görə, Rusiyanın bu açıqlamadan dərhal sonra Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirdiyi bildirilir.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, hər bir dövlət öz maraqlarına uyğun olaraq beynəlxalq münasibətlərdə addımlar atır. Necə ki, bir müddət əvvəl Azərbaycanla Rusiya arasında da müəyyən əməkdaşlıq münasibətləri mövcud idi:
"Məsələn, SOCAR-ın Rosneft, Gazprom və digər Rusiya enerji şirkətləri ilə əlaqələri var. Lakin bu fonda Ukraynada SOCAR-ın yanacaqlarına qarşı boykot kampaniyası başlatılmışdı. İnsanlara SOCAR-dan yanacaq almamaq çağırışları edirdi. Bu kampaniya nə qədər yersiz idisə, indi Rusiyanın irəli sürdüyü ittihamlar da bir o qədər əsassızdır. Bu gün Rusiya ilə problem yaşayan ölkə Ukraynadır, sabah başqa bir dövlət ola bilər. Hər ölkə öz maraqlarına uyğun olaraq beynəlxalq müqavilələr imzalayır, əməkdaşlıqlar qurur. Rusiyanın isə Azərbaycanı ittiham etməsi sırf bu günkü geosiyasi gərginliklərin kontekstində atılan addımdır. Amma unudurlar ki, Rusiya özü də müəyyən məsuliyyətlər daşıyır. Xatırlayaq ki, Azərbaycanın təyyarəsi vurulduqda, Rusiya bu hadisəyə görə nə üzr istədi, nə günahı üzərinə götürdü, nə də kompensasiya ödəməyi qəbul etdi. Halbuki, artıq sübut olunub ki, bu hadisəyə görə məsuliyyət daşıyan tərəf Rusiyadır. Lakin Rusiya sanki heç nə olmamış kimi davranmağa üstünlük verdi.Əslində, Rusiya bu gün öz keçmiş səhvlərinin nəticələrini yaşayır. Azərbaycanı “hörmətsizlikdə” ittiham etmək, onu günahlandırmaq yersiz və qeyri-ciddidir.
Əgər Rusiya kimsəni ittiham etmək istəyirsə, əvvəlcə öz səhvlərinə nəzər salmalı, sonra başqalarına irad bildirməlidir".
Gülhüseynova Güllər