Türkiyədən Tramp-Putin görüşü barədə açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 23:17 07.08.2025

Türkiyə Rusiya və ABŞ prezidentləri arasında öz ərazisində danışıqların mümkünlüyü barədə hələlik siqnal almayıb, bu barədə “RİA Novosti” türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, Trampın indi Putinlə görüşmək qərarı təsadüfi deyil:

 

"Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra bəyan etmişdi ki, Rusiya ilə danışıqlar yolu ilə problemləri həll etmək lazımdır. Inaqurasiyadan sonra keçirilən telefon danışıqları da bu əlaqələrin qurulması və ardıcıl inkişafı üçün atılmış addımlar idi.Lakin iki nəhəng dövlətin liderlərinin görüşməsi üçün ciddi səbəb və hazırlıq tələb olunur. Trampın prezidentlik kampaniyasında verdiyi ən mühüm vədlərdən biri Rusiya-Ukrayna müharibəsini dayandırmaq idi. Belə bir görüşün baş tutması üçün hər iki tərəf arasında bu münaqişəyə dair müəyyən fikir yaxınlığı olmalı idi. İndiyə qədər bu uyğunluq müşahidə olunmurdu.Son dövrlərdə Tramp müharibənin dayandırılması üçün əvvəlcə Rusiyaya 50 gün, daha sonra isə 10 gün vaxt vermişdi. Bu 10 gün sabah bitir. Bu müddət ərzində Trampın xüsusi nümayəndəsi Stiv Uytkov Moskvada olub və Rusiya prezidenti ilə üç saatlıq danışıqlar aparıb. Həm Ağ Ev, həm də Kreml bu danışıqları yüksək qiymətləndirib.Daha sonra Tramp Ukrayna prezidenti Zelenski və Avropa liderləri ilə də əlaqə saxlayıb. Uytkovun Moskva səfərindən sonra Putin, Tramp və hətta Zelenski ilə görüşə hazır olduğunu bildirib. Bu da görüş üçün şəraitin formalaşdığını göstərir.Trampın verdiyi 10 günlük müddətin ya uzadılması, ya da yenidən dəyərləndirilməsi mümkündür. Bunu yaxın günlərdə görəcəyik.Görüşün harada keçiriləcəyi hələ dəqiq müəyyənləşməyib. Hazırda müxtəlif variantlar müzakirə olunur. İstanbul, hər iki lider üçün rahat və neytral bir məkandır. Türkiyə prezidenti Ərdoğan da bir müddət öncə bildirib ki, bu görüşün İstanbulda keçirilməsi üçün çalışırlar. Əgər Putin-Tramp, hətta Putin-Tramp-Zelenski formatında bir görüş baş tutarsa, bu, Türkiyənin beynəlxalq nüfuzuna da mühüm təsir göstərə bilər.Biz də istərdik ki, bu görüş İstanbulda baş tutsun. Hələlik yekun qərar verilməyib, amma bu, bizim üçün də önəmli məsələdir".


Qəmər Kazımzadə