ABŞ-nin Rusiyanın “kölgə donanmasına” qarşı sanksiyaları neft bazarında ciddi şok yaratmayacaq -İqtisadçı

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:47 06.08.2025

ABŞ Tramp administrasiyası Rusiyanın “kölgə donanması” adlandırılan qeyri-qanuni neft daşıyan gəmilərinə qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır. Bu addım xüsusilə Baltik dənizi regionunda Rusiyadan qeyri-qanuni neft satışının təxminən 70%-nin həyata keçirildiyi donanmaya yönəlib. Məqsəd, prezident Vladimir Putinin Ukraynada atəşkəsə razılaşmamaq mövqeyi fonunda Rusiyanın neft ixracına tətbiq olunan məhdudiyyətlərdən yayınmasının qarşısını almaqdır.


İqtisadçı Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda qlobal enerji bazarında ciddi dalğalanma müşahidə edilmir və bu tendensiya davam edə bilər:


“Hazırda dünyada neftin tədarük zənciri elə qurulub ki, Rusiya nefti olmadan da bazarda sabit qiymət siyasətini yürütmək mümkündür. Ona görə də ABŞ hər vəchlə Rusiyanın neft və qaz ixracatını bloklamaq istəyir. Son beş ildə bu, müəyyən mənada mümkün olub. Məsələn, 2021-ci ildə neft ixracatından 250 milyard dollar gəlir əldə etmişdi. Amma 2024-cü ildə bu göstərici 100 milyard dollar civarına qədər düşüb”.


Ekspertin sözlərinə görə, Rusiyanın neft gəlirlərinin azalması bazarda panikaya səbəb olmur, əksinə, qiymətlər bəzən sabit qalır, hətta ucuzlaşır:


“2025-ci ildə də bu tendensiya davam edəcək. Rusiyanın kölgə donanmasına qarşı qəbul ediləcək 18-ci sanksiya paketi bu ölkənin gəlirlərini bir qədər də azaldacaq. Hətta Hindistan kimi ölkələr də rəsmi olaraq bu sanksiyalardan çəkinərək Rusiyadan neft idxalından imtina edir. Bu il Rusiyanın neft gəlirlərinin 100 milyard dollardan da aşağı düşəcəyi gözlənilir”.


Bəs bu, dünya bazarında şoka səbəb olacaqmı? Akif Nəsirli bu ehtimalı istisna edir:


“Rusiyanın payı bazardan azalsa belə, bu, dünya neft bazarında heç bir dalğalanma yaratmayacaq. Çünki bazarda kifayət qədər potensial neft hasilatçıları var. ABŞ və OPEC+ ölkələri bu boşluğu rahatlıqla doldura bilirlər. OPEC isə Qərbin nəzarətində fəaliyyət göstərdiyindən lazım gəldikdə bazarda tənzimləmə aparılır. Bu tənzimləmə də hazırda davam edir”.


Solmaz Muradova