Vergilər haqqında qanun vətəndaşların depozitlərinə necə təsir göstərəcək?
Bölmə: Araşdırma › ,Tarix: 17:17 16.01.2015
Vergilər haqqında qanuna edilən dəyişiklik vətəndaşların depozitlərinə heç bir təsir etməyəcək. Faiz vergisi yalnız 2015-ci ilin yanvarından hesablanacaq.
Vergilər Nazirliyinin idarə rəisi Şamil Ərəbovun sözlərinə görə, bu qanunun qüvvəyə minməsi barədə müzakirələr 2014-cü ildən aparılır: “1 ildir ki, danışıqlar gedir. Dəyişikliyə əsasən, 2015-ci il yanvarın 1-dən sonra hesanblanan və ödənilən əmanətlər üzrə faizlərdən 500 manat güzəşt edilməklə yerdə qalan hissədən 10% dərəcə ilə vegi tutulacaq.”
Qeyd edək ki, artıq bəzi vətəndaşlar əmanətlərini banklardan geri götürməyə başlayıblar. Amma mütəxəssislər buna lüzum görmür. İqtisadçı Vüqar Bayramov tutulan verginin qoyulan depozitə təsir etməyəcəyini bildirib.
“Vətəndaş banka 10 min manat depozit yerləşdirir və həmin depozitə görə 1 illik 900 manat faiz gəliri var. Həmin pulun 500 manatı vergidən azaddır. Yerdə qalan 400 manat vergiyə cəlb edilir. 400 manat 10% gəlir vergisinə cəlb edildiyinə görə 900 manatdan 40 manat gəlir vergisi tutulur,”-deyə ekspert qeyd edib.
Qoyduğu depozitdən hər ay gəlir götürən vətəndaşlar vergini bankla razılaşdırılmış şəkildə də ödəyə bilərlər. Yəni, 40 manat 12 aya bölünə bilər. Aylıq düşülən məbləğ vətəndaşın götürdüyü aylıq puldan götürülə bilər. Və yaxud ilin sonunda sonuncu ayın depoziti ümumi vergidən çox deyilsə, sonuncu ayda və ya aylarda həmin vergi ödənilə bilər.
Yeni qaydalar əvvəlki illərdə banklara depozit yerləşdirənlərə şamil olunmur. Həmin depozitlərin yalnız bu ilə düşən hissəsinə vergi tətbiq olunacaq. Məsələn, əgər vətəndaş 2014-cü ilin avqustunda bankda 1 illik vəsait yerləşdiribsə, həmin depozitdən vergi yalnız yanvardan başlayaraq tutulacaq.