Ağız və bağırsaqlardakı bakteriyalar demans riskinizi müəyyən edə bilər

Tarix: 21:14 21.02.2025
İngiltərədə aparılan bir araşdırmaya görə, insanların ağızlarındakı bakteriyalar yaşlandıqca beyin funksiyaları haqqında ipucları verə bilər. Exeter Universitetinin rəhbərliyində aparılan tədqiqatda, müəyyən bakteriya növlərinin daha yaxşı yaddaş və diqqətlə, digərlərinin isə Alzheimer və beyin sağlamlığı ilə bağlı digər problemlərlə əlaqəli olduğu müəyyən edilib.
Araşdırma qrupunun rəhbəri Dr. Joanna L’Heureux, “Problemlər başlamadan və ya diaqnoz üçün həkimə getməyi düşünmədən əvvəl belə, Alzheimer geninizin olub-olmadığını təxmin edə bilərik” deyib. Araşdırma hələ ilkin mərhələdədir, lakin mütəxəssislər hazırda nitrat baxımından zəngin yaşıl yarpaqlı qidalar kimi müəyyən sağlam qidaların bəzi bakteriyaların yaranmasını artırıb-artırmayacağını araşdırırlar.
Tədqiqatda iştirak edən mütəxəssislərdən biri olan Prof. Anne Corbett, “Araşdırmanın təsirləri böyükdür” deyib.
“Müəyyən bakteriyalar beyin funksiyalarını dəstəkləyərkən, bəziləri də geriləməyə səbəb olur. Ağızdakı bakteriya balansını dəyişdirəcək müalicələr demansın qarşısını almaqda həllin bir hissəsi ola bilər. Bu, qidalanma vərdişlərində dəyişikliklər, prebiyotiklər və ya ağız gigiyenasında dəyişikliklər və hətta hədəfə yönəlmiş müalicələrlə mümkündür”.
Tədqiqatda, başqa bir araşdırma üçün artıq bilişsel testlərə tabe tutulmuş 50 yaşdan yuxarı 115 könüllü iştirak edib. Tədqiqatçılar, könüllüləri beyin funksiyalarında problem olmayanlar və orta dərəcəli bilişsel problemləri olanlar olaraq iki qrupa ayırıblar. Hər iki qrupdakı iştirakçılar istifadə etdikləri ağız yuma məhlullarından nümunələr göndəriblər və bu nümunələr incələnib.
Əsmər Bəşirova
BBC