İstehlakçı hüquqlarınızın pozulmasına imkan verməyin

Bölmə: Araşdırma › ,
Tarix: 17:28 16.01.2015

Paytaxtın bəzi məişət avadanlıqları satılan mağazaları müştərilərin hüquqlarını pozur. Bağlanan kredit müqaviləsində satılan əşyanın dəyərinin dollarla göstərilməsi istehlakçının maraqlarına ziddir.

Ödəniş manatla aparılsa da, kredit müqaviləsi dollar əsasında hazırlanır. Daha sadə desək, müqaviləyə əsasən müştəri ödənişləri edəcəyi günün məzənnəsinə uyğun pul ödəməlidir. Nəzərə alsaq ki, malın ümumi məbləği manatladır, satış həyata keçirən şirkət həmin məbləği dollara çevirir və aylar üzrə həmin məbləği bölür. Əgər gələcəkdə dolların məzənnəsi yüksələrsə, bu o deməkdir ki, ümumi ödənəcək məbləğ cəmdə manatla daha çox olacaqdır, bu isə satışı həyata keçirən şirkətın alıcının hüquqlarınım pozması deməkdir.

Ekspertlər bildirir ki, qanunla ödəniş manatla həyata keçirilsə belə, MMC-lərin dollarla müqavilə bağlamaq hüququ yoxdur.

Qarşı tərəf isə əməliyyatı risklərlə əsaslandırır. “Kontakt” mağazalar şəbəkəsinin nümayəndəsi Tahir Əlirzayev şərtlərinin belə olduğunu deyir: “Əgər müqavilə şərtləri müştərini qane etmirsə o, onun şəxsi fikridir, özü bilər. Bizim şərtlər belədir, biz aldığımız malların riskini öz riskimiz hesab edirik, yəni dollarla aldığımıza görə dolların Mərkəzi Bankın məzənnəsinə görə alış-verişimizi həyata keçirdirik”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, müştəri belə halla rastlaşarsa, İqtisadiyyat və Sənaye Nazirliyinin yanındakı İstehlak Xidməti departamentinə məlumat verməlidir. Bu halda o müqavilənin dollarla deyil, manatla bağlanmasına nail ola bilər.