"Gərək məni bu dünyaya gətirməyəydi” - Ramiz Əzizbəyli
Bölmə: Mədəniyyət › ,Tarix: 19:29 20.07.2023
"Əlamətdar günlər" rubrikasının növbəti mövzusu illər öncə bugün – 20 iyulda doğulan, tanınmış kinorejissor, aktyor, ssenarist və Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli haqqındadır.
Bu barədə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.
Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakıda doğulub. O, aktyor kimi "Dərviş Parisi Partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb. "Hacı Zeynalabdin Tağıyev", "Qızıl Buta" mükafatları laureatı olan Ramiz Əzizbəyli Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olmaqdan savayı, ictimai işlərlə də məşğul olub. O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə, 18 dekabr 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti”, 1 avqust 2008-ci ildə isə “Azərbaycanın Xalq artisti” fəxri adlarına layiq görülüb. Aktyor 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə də təltif olunmuşdur.
Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildə - 9 yaşında başlayıb. Veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edib. İlk dəfə AzTV - nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayıb. Hətta adına müvəqqəti əmək kitabçası da açılıb. Azyaşlı olduğu üçün maaşı onun özünə verilməyib, əvəzində poçtla göndərilb.
1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunub. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə ediblər.
M. A. Əliyev adına ADİİ-nin mədəni-maarif fakültəsini bitirən aktyor "Azərbaycanfilm" kinostudiyasında işləyib. Respublikanın xalq artisti 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissor kimi fəaliyyətə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən “Ümumittifaq” festivalda isə rejissor debütünə görə, mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" bədii filmini çəkib. Film “kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi” və “yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi” kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
72 il ömür sürən, Azərbaycan kino inkişafında böyük rolu olan tanınmış şəxsiyyət ürək tutmasından 9 iyun 2021-ci ildə dünyasını dəyişib. Ömrünün son illərində verdiyi müsahibələrinin birində o deyib: “Ən böyük incikliyim anamdandır, onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi”.
Məryəm Məmmədova