“Mən hamını yola salıb axırda özüm öləcəm” - Anar Məmmədxanov
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202307/7627798_b.jpg)
Tarix: 19:50 20.07.2023
"Əlamətdar günlər" rubrikasında növbəti mövzu bu gün doğulan, dövlət və ictimai xadim, 1991-ci ildən “Bakı Şən və Hazırcavablar” klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuş Anar Məmmədxanov haqqındadır.
Bu barədə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.
"Ultra Production" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda doğulmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1992-ci ildə oranı bitirən xadim 1992 - 93 - 95-ci illərdə “Şən və Hazırcavablar” klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. O, Avrasiya Radio və Televiziya Akademiyasının üzvü və bitərəf kimi Azərbaycan Respublikası birinci, ikinci və üçüncü çağırış Milli Məclisinin deputatı olmuşdur.
23 aprel 2011-ci ildə kəskin ürək qan-damar çatışmazlığından vəfat edən Anar Məmmədxanov haqqında 2018-ci ildə yazıçı-publisist Elmira Axundova "Anar Məmmədxanov. Kapitanın taleyi" kitabını yazmışdır. Kitabda Anar Məmmədxanovu tanıyan 100-ə yaxın şəxsin xatirələri yer alıb.
Onun vəfatından sonra Moskvaya gedən yoldaşı İradə Məmmədxanova Anarla yaxın olan adamlardan müsahibə götürüb və rejissor Fuad Şabanovla hər şeyi birlikdə edərək Anarın adına layiq bir sənədli film hazırlayıblar. O, yoldaşının heykəlinin hazırlanması ilə də bağlı çox çalışıb.
Bir müsahibədə İradə Məmmədxanova yoldaşı ilə bağlı bu sözləri deyib:
"1993-cü ildə, 23 yaşımız olanda ailə həyatı qurduq. Bir-birimizin hər bir işindən xəbərlərimiz var idi. Ailə həyatımızın uğurlu olmasına səbəb o idi ki, əvvəlcədən dostluq etdik, sonradan sevgili olduq. Həmçinin maraqlarımız üst-üstə düşürdü. Məncə, ailə həyatında ən əsası odur ki, ümumi vurğular olsun. Ona görə Anarla həyatda, insan amilində vurğu ümumi idi. Kimsə deyir ki, ailədən bezdim, gedim iki gün dincəlim. O şeylər bizdə yox idi. Nə uşaqlarımızdan, nə də ki bir-birimizdən bezdik."
“Mən hamını yola salıb sonda özüm öləcəm” deyib dünyadan yarımçıq köçən Anar Məmmədxanovun bu gün 53 yaşı tamam olur.
Allah rəhmət etsin!
Məryəm Məmmədova