Bakının çöl kitabxanaları
Bölmə: Mədəniyyət › ,Tarix: 13:37 20.07.2023
Bakının çöl kitabxanaları. O kitabxanalar ki, insanların şəxsi məsuliyyətinə həvalə edilib. Kitabsız yaşamaq kor, kar, lal yaşamaqdır. Bu sözlər Rəsul Rza küçəsində yerləşdirilən kitab qutusunun üzərinə yazılıb. Bu küçədən keçən hər bir şəxs kitab qutusunun içərisindən kitab götürüb, oxuya bilər. Oxuduqdan sonra həmin kitabı məhz bu qutunun içərisinə yerləşdirmək şərti ilə. Vətəndaş təəssübkeşliyi göstərən də var, əksini nümayiş etdirən də.
Kitab qutusu uzun müddətdir bu ərazidə yerləşdirilib. İçərisində Azərbaycan, Rus, İngilis dillərində və hər janra aid kitablar olur. Həmin kitabları həm təşkilatçılar, həm də oxucular qutuya qoyur.
Bakı Abadlıq Xidmətinin ərazi üzrə baş nəzarətçisi Rüfət Quliyevin sözlərinə görə, çöl kitabxanası adlanan layihəyə 2 ildir start verilib. Bu müddət ərzində 2-si Bəşir Səfəroğlu küçəsində olmaqla, Rəsul Rza, Əlövsət Quliyev və Vidadi küçələrində ümumilikdə 5 çöl kitabxanası yerləşdirilib. “İki gündən bir kitabxanalar yoxlanılır, təmizlənir- içi və çölü. İçəridəki kitablara nəzarət edirik ki, boş qalmasınlar. Sakinlər, şəhərin vətəndaşları yaxınlaşırlar. Özləri kitab da qoya bilirlər. Bizim kitabxanaların yanında oturacaq da mövcuddur. Yəni kitabı götürüb, yanında əyləşib kitab da oxuya bilərlər. Götürüb apara da bilərlər kitabları özləri ilə. Sovet vaxtının kitabları çox olur bizdə. Arada hüquqşünaslığa aid ədəbiyyat da tapılır. Bəzən məktəblilər üçün kitablar və test kitabçaları da tapılır”.
Rüfət Quliyev deyir ki, amma bir məqam var ki, bu da bəzi kitabsevərləri ruhdan salır. O da götürülən kitabların başqa yerlərdə satışa çıxarılması. “Çöl kitabxanalarının sayının artırılması nəzərdə tutulub. Amma quraşdırılması biraz çətindir. Çünki küçələrdə boş ərazi azdır. Hazırda gediş-gəlişə mane olmamaq üçün münasib ərazi axtarılır”.
Aidə