Qaraçinarda ekspedisiyadan yeni xəbər var
Bölmə: Mədəniyyət › ,Tarix: 15:01 24.07.2023
Goranboyun Qaraçinar kəndi ərazisində 5 il əvvəl aşkarlanan abidədə beynəlxalq arxeoloji ekspedisiya aparılır.
İnformator.azxəbər verir ki, ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər iştirak edir. Qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi İlk Tunc, Orta tunc, Antik və Orta əsrlər dövrlərini əhatə edir. Arxeoloq Bəxtiyar Cəlilovdan aldığımız məlumata görə, 20 gündən çoxdur aparılan arxeoloji qazıntılar zamanı zəngin maddi mədəniyyət nümunələri-saxsı qab, əkinçilik təsərrüfatında istifadə olunan daş əmək alətləri, obsidian və çaxmaqdaşından hazırlanan ox ucluqları, oraq dişləri və kəsici alətlər aşkar edilib: “Tapıntılar onların əkinçiliklə məşğul olduğunu sübut edir. Çaxmaqdaşı, keramika, obsidian nəsə kəsmək üçün, ox ucluqları, birdə daşlar. Yuvarlaq evlərdə, yuvarlaq ocaq, tam ortada tapdıq. Maraqlı tapıntılardan biri bu il daha çox rast gəldiyimiz ox ucluqlarıdır. Ola bilsin bu ovçuluqla məşğul oluna bilər və o dövrdə militaris münasibətlərin az da olsa kəskinləşməsini göstərir. Bunun səbəbi tayfalar arası müharibələr, münaqişələrlə bağlı ola bilərdi”.
Qaraçinar abidəsi dəniz səviyyəsindən 750 metr hündürlükdə yerləşir. İlkin tədqiqatlar göstərir ki, qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqazda ən böyük abidələrdən biridir. Arxeoloqlar bu il apardıqları tədqiqatlar zamanı çiy kərpicdən dairəvi və dördkünc formada inşa olunan tikili qalıqları da aşkarlayıblar.
Arxeoloq deyir ki, 2023-cü ildə aparılan arxeoloji tədqiqatlar əvvəlki illərdən fərqlənir. Əvvəlki illərdə kərpicləri sınıq vəziyyətdə aşkar edilirdisə, builki qazıntılarda son erkən tunc dövrə aid kərpicdən hörülmüş dairəvi və oval formalı evlər aşkar edilib.
Tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər aparılıb və beynəlxalq laboratoriyalarda analiz üçün nümunələr götürülüb.
Hicran