Ömrünü elmə, təhsilə, siyasətə həsr edən alim – SABİR MƏMMƏDLİ

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:41 24.07.2023

“Əlamətdar günlər" rubrikasının bugünkü qonağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru, siyasi elmlər doktoru doktoru Sabir Məmmədlidir. Bu gün Sabir müəllimin 64 yaşı tamam olur.


Sabir Məmmədli 1959-cu ildə Gədəbəyin Yenikənd kəndində anadan olub. 1975-ci ildə Novo-Saratovka kənd orta məktəbini bitirib. 1981-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə başa vurub və bir il ərzində həmin fakültədə elmi tədqiqatçı kimi fəaliyyət göstərib. "Molodyoj Azerbaydjana" (Bakı), "Veçerniy Leninqrad" (Leninqrad), "Ladoqa" (Kirovsk), "Dnepr veçerniy" (Dnepropetrovsk), "Komsomolets Kubani" (Krasnodar) mətbuat orqanlarında sistematik şəkildə müxtəlif materiallarla çıxış edib.


1982–1985-ci ildə Sankt-Peterburq Dövlət Universiteti Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb. 1985-ci ildə "Mətbuat inqlabi strategiya və taktika ugrunda mübarizədə (birinci rus inqilabı illərində)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi elmi dərəcəsini alıb.


Sabir Məmmədli Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olub. 1989-cu ilin axırlarında bir qrup ziyalı ilə birgə ilk siyasi partiyalardan olan Azərbaycan Xalq Partiyasını qurub, partiyanın sədr müavini seçilib.


1991-ci ildə AXP-nin mətbu orqanı olan "Xalq səsi" qəzetinin naşiri və baş redaktoru olan Sabir Məmmədli 1992-ci ildə Vətənin ağır günlərində ali məktəb tələbələrindən ibarət könüllülər dəstəsi yaradaraq 1-ci Qarabağ Müharibəsində fəal iştirak edib. Müdafiə Nazirliyinin Gədəbəy-Tovuz bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olub. Məşhur "Başkənd əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biridir.


1991–1999-cu illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrasında çalışıb, 1999-cu ildən Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında baş müəllim, dosent vəzifələrində çalışıb. 2016-cı ildə "Azərbaycan mətbuatının inkişaf problemləri beynəlxalq təşkilatların media siyasəti kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Siyasi elmlər doktoru, Jurnalistika fakültəsi, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professorudur. "Beynəlxalq jurnalistikanin müasir problemləri", "Beynəlxalq təcrübədə jurnalistin hüquq və vəzifələri", "Beynəlxalq jurnalistika və müasir beynəlxalq münasibətlər", "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" fənnlərindən dərs deyir.


Sabir müəllimə uzun və sağlam ömür, daim işlərində uğurlar arzu edirik!


Məryəm Məmmədova