"Xalçaçılıq hər bir detala diqqət tələb edən bir işdir" - Eldar Hacıyev
Bölmə: Mədəniyyət › ,Tarix: 10:05 25.07.2023
Xalçaçılıq Azərbaycanda ən qədim sənətlərdən biridir. Hər zaman hamı tərəfindən rəğbət görülən sənətlərdən biri olub. "İnformator"un bugünkü müsahibi xalçaçı-rəssam Eldar Hacıyevdir.
Xalça dizaynı verərkən diqqət etdiyiniz məqamlar nələrdir?
Azərbaycanın hər bir regionunun özünəməxsus xalça naxışları var ki, biz bu naxışlar vasitəsilə onların hansı regiona məxsus olduğunu müəyyən edə bilərik. Çalışıram ki, öz müəllif işlərimdə milli xalça naxışlarını sintez edim. Azərbaycana məxsus xalça naxışları toxunulursa, orada regiona məxsus naxışlar işlənilir. Sözsüz ki, bu gün də Azərbaycan xalçasının klassik forması qorunub saxlanılır. Ancaq müəllif işlərində yeni ideyalar da qatmaq olar.
Xalça naxışlarının hansı növləri və xüsusiyyətləri var?
Bizim Qarabağ, Qazax, Quba, Şirvan zonalarında geometrik formalı naxışlarla xalça toxunulur. Təbrizinki isə nəbati olur. Dünyada geometrik naxışlara qarşı böyük bir maraq var. Geometrik naxışların özünəməxsus müxtəlif mənaları, formaları olur. Əvvəlcə xalçanın eni ölçülür, dəhnəsi döyüldükdən sonra xalçanın toxunulmasına başlanılır. Xüsusi bir damarı kağız var ki, rəssam xalçanın şəklini təsvir etdikdən sonra xalçaçı qızlar tərəfindən toxunulmağa başlanılır.
Xalçaçılıq sənətinin hansı çətinlikləri var?
Xalçaçılığın çətin tərəfləri odur ki, xalça toxunanda gərək düz toxunsun. Bəzən müəllif xalçalarında 30-40, 70-80 rənglərdən istifadə edilir. Ona görə burada bir rəngin bir neçə tonu olur. Xüsusən də, minatürlərdə çoxlu rənglərdən istifadə edilir. Məhz bu prosesdə rəng məsələsinin sintezi çox ciddidir. Məsələn, hər hansı bir portret, miniatür toxunan zaman rənglərdə səhvlik olarsa, heç bir problem olmur. Bu kiçik problem xalça mütəxəssisləri tərəfindən həll edilir.
Bir xalçanın bitməsi üçün nə qədər zaman gərəklidir?
Gündə 6 saat işləməklə aya bir kvadratmetr xalça toxumaq mümkündür. Mənə düşünürəm ki, bu iş sahəsində insan səbrli olmalıdır. Çünki xalçaçılıq hər bir detala diqqət tələb edən bir işdir. Lakin indiki dövrümüzdə xalçaçılıq oxuyan qızların sayı bir qədər azalıb. Bu sahəni inkişaf etdirərək qızlarımızda bu işə qarşı maraq yaratmaq lazımdır. Azərbaycan xalçaçılıq ənənələrini qoruyub saxlamalıyıq. Çünki Azərbaycan xalçaları, xüsusən də Qarabağ bölgəsinə məxsus xalçalar ermənilər tərəfindən mənimsənilir. Ona görə də festivallar, sərgilər təşkil etməklə, xalçalarımızı nümayiş etdirməliyik.
Fatimə Mustafayeva