“Adam olun, kişi kimi yaşayın!”- deyib köçən yazıçı

Bölmə: Mədəniyyət › ,
Tarix: 18:06 26.07.2023

"Əlamətdar günlər" rubrikasının yeni mövzusu bugün-26 iyulda vəfat etmiş azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, Azərbaycan SSR xalq yazıçısı İsmayıl Şıxlı haqqındadır. Bu barədə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.

 

Azərbaycan Respublikası Ali Sovetinin deputatı, yazıçı-müəllim 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində doğulmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olan yazıçı, orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuş, daha sonra orta məktəbdə müəllimlik edib. 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyaraq 1941-ci ildə ali təhsilini bitirib.

 

Həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətlə məşğul olmuş "Azərbaycan" jurnalında baş redaktor, yazıçı, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi və başqa bir çox işlərdə çalışıb. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilən İsmayıl Şıxlı Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub.

 

Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlayan yazıçının ilk mətbuat əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunan yazıçı, ictimai işlərdə fəal çalışmış və bir çox vəzifələrdə olub.

 

Ən sevilən əsərlərindən olan 9 ilə ərsəyə gəlmiş “Dəli Kür" romanına əsasən 1969-cu ildə yazıçının ssenarisi əsasında “Dəli Kür” filmi çəkilib. Lakin filmə qarşı SSRİ-də təzyiqlər olması səbəbilə bəzi səhnələr kəsilib.

 

Hüseyn Arifdən ən maraqlı lətifələri qələmə alsa da, bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. Hansı lətifələrin şair tirajlanmasını istəməyibsə, İsmayıl Şıxlı onları nəinki qələmə alıb, hətta ən yaxın adamlara, ona üz vuranlara belə heç danışmayıb.

 

Şəkər xəstəliyindən gözləri tutulan yazıçı sonuncu əsəri “Ölən dünyam”ı diktə edib və həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm.”

 

Xidmətlərinə görə fərqli illərdə saysız medal və ordenlərlə təltif olunan və 1995-ci il iyulun 26-da Bakıda vəfat edən yazıçı, ölüm ayağında heç bir vəsiyyət etməyib. Amma övladlarına son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!”.

 

RUHU ŞAD OLSUN!

 

Məryəm Məmmədova