Xarici kinoların qrim büdcəsinin məbləğində ölkəmizdə film çəkilir

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:48 27.07.2023

İNFORMATOR.AZ-ın növbəti müsahibi qrim ustası İlkanə Müşviqqızıdır. O, qrim sahəsi ilə bağlı yaranan yanlış təəssüratlarından, çətinliklərindən bəhs edib.

 

İlkanə Müşviqqızı insanların bəzən qrimi makeup kimi də başa düşdüklərini deyir:  "Reklam qrimlərində daha çox makeupdan istifadə edilir. Lakin filmdə daha sadə və natural qrimə üstünlük verilir. Əsas məqsəd üz cizgilərinin önə çıxarılmasıdır. Bir obraza xarakter vermək üçün konturlama işindən istifadə edilir. Məsələn, "Xaç atası" filmindəki Don Carlione obrazını tamamilə dəyişiblər. Bu yaxınlarda Hikmət Rəhimovun yeni bir filmini çəkdik. Orada yeni obrazlar yaratmışıq".

 

Müsahimiz bildirib ki, Azərbaycanda qrim ləvazimatları çətin əldə edilir: "Qrim zamanı dərini tonlaşdırmaq, rəng vermək üçün bəzi ləvazimatlardan istifadə edilir. Yaraları düzəltmək üçün 5-10 materialdan istifadə edirik. Qrimin təbii görünməsi üçün ifrata varılmamalıdır. Hər yaranın özünü real formasını yaratmaq lazımdır. Bunun üçün formalarını düzəldərək həkimlərdən məsləhət alırıq. Elə qrim var ki, qalıcılıq müddəti 18-19 saatdır. Bəziləri isə hər saat yenilənməlidir. Materialda problem yarananda başqa bir material vasitəsi ilə də əvəz etmişik. Azərbaycanda qrim ləvazimatları çətin əldə edilir. Ölkəmizdə yalnız bir qrim brendi var, orada da hər istədiyimizi tapa bilmirik. Ona görə də çox insan xarici ölkələrdən ləvazimatlarını əldə edir".

 

Müsahimiz qeyd edib ki, qrimin qiymətləri hər filmə görə dəyişir: "Əlbəttə ki, bu istifadə edəcəyimiz materiallara görə dəyişir. Məsələn, müharibə filmi çəkilirsə, qrim üçün büdcə çox olmalıdır. Bəzən yaraların qrimlənməsində silikon materialdan da istifadə edirik. Nəticədə, aktyor rolunu rahat şəkildə ifadə edə bilir. Ümumiyyətlə, Azərbaycanda filmin büdcəsinin 5-10 faizi qrim üçün ayrılır. Ancaq xarici ölkələrdə qrim bir sənət sahəsi kimi insanlar tərəfindən bilinir. Orada film çəkilişi zamanı qrim üçün təxmini 30 faizə qədər büdcə ayrılır. Xarici kinoların qrim büdcəsinin məbləğində ölkəmizdə film çəkilir. Demək olar ki, qrim sahəsi də ölkəmizdə gün keçdikcə inkişaf edir. Bu sahə daha da yaxşı yerlərə gəlib çatacaq".

 

Fatimə Mustafayeva