"Dörd nəfər Kəlbəcər şəhərini tərk edə bilmir, kəndin altındakı mağarada qalır" Almaz Mahmud
Bölmə: Mədəniyyət › ,Tarix: 22:11 01.08.2023
İNFORMATOR.AZ-ın növbəti müsahibi "AzTV" Televiziya və Radio Akademiyasının prorektoru Almaz Mahmuddur.
Nəsibova Almaz Mahmud qızı BDU-nun Jurnalistika fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur, 10-dan çox elmi məqalənin müəllifidir. Azadlıq Radiosunda, İnternyusda (BBC radiosunda, İTV və “Space” TV-də yayımlanan layihələrində) çalışıb. Azərbaycan Televiziyasının TV Akademiyasının prorektoru, AzTV-nin ictimai-siyasi redaksiyasının redaktorudur. BDU-nun Multimedia və Elektron Kommunikasiya kafedrasının müəllimidir.
Yerli telekanallarımızın inkişafını necə qiymətləndirirsiniz? Telekanalların inkişafı günümüz üçün qənaətbəxş şəkildədir?
Yerli telekanalların həm qənaətbəxş fəaliyyətləri, həm də qeyri-qənaətbəxş fəaliyyətləri mövcuddur. Ümumiyyətlə, dünyada texnologiya sahəsində bir çox yeniliklər var. Bu, o demək deyil ki, telekanallar inkişafdan geri qalıb. Bu gün də telekanallar öz qızıl dövrünü yaşayır. Böyük tədbirlər, festivallar, mərasimlər, canlı bağlantıları televiziyada izləyirik. Ancaq telekanallarda intellektual səviyyəli jurnalistlərimizin sayı azalıb. Bu, Azərbaycanda kifayət qədər intellektual səviyyəli jurnalistlərin olmadığı anlamına da gəlmir. Son vaxtlar aparılan islahatlara əsasən, telekanalların özündə fikrə ehtiyac duyumu yaranıb. Nəyə görə? Azərbaycan bu gün Ermənistanla informasiya müharibəsindədir. Bu gün hər hansı bir aparıcının görkəmi, vizuallığı deyil, onun savadı, ekstremal vəziyyətlərdəki cavabı daha vacibdir. Həmçinin, hər hansı bir reportaj informasiya xarakteri daşımamalıdır. Maarifləndirici funksiyanı daşımalı, auditoriyaya təsir göstərməlidir. Bunu isə bacarığı olan jurnalistlər etməlidir.
Televiziya sahəsində bir çox sənədli filmlərin çəkilişində böyük rolunuz olub. Çəkdiyiniz filmlər arasında hansı sizin diqqətinizi daha çox cəlb edib?
Son vaxtlar ərzində sənədli filmlər çəkməyə başlamışam. Sənədli filmlərdə əsasən, ssenari müəllifi kimi iştirak edirəm. Bunlardan birinin adı "Zar mağarası" idi. "Zar mağarası" adlı filmimizdə bir fərqlilik ortaya qoymağa çalışdıq. Azərbaycanın əraziləri işğal olunan zaman 4 nəfər Kəlbəcər şəhərini tərk edə bilmirlər və kəndin altındakı mağarada qalırlar. Təsəvvür edin ki, 5 ay 15 gün orada yaşayırlar. Həmin filmdə onların psixoloji vəziyyətlərini də əks etdirməyə çalışmışıq.
Afrikada yeni bir sənədli film çəkmisiniz. Afrika ilə bağlı təəssüratlarınızı bölüşə bilərsiniz?
Təxminən 1-2 ay bundan əvvəl Afrikanın Ruanda ölkəsində olduq. 1994-cü ildə orada genosid baş vermişdi. Həmin genosid də bir milyona yaxın insan qətlə yetirilib, iki milyon insan isə itkin düşmüşdü. Nəticədə, genosid əhalinin 30 faizə qədər azalmasına səbəb olmuşdu. Ruanda bir az qapalı ölkə olduğu üçün tez-tez işlərimizdə maneələrə rast gəlirdik. Lakin bacardığımız qədər o dövr ilə bağlı yaradılan genosid komplekslərində olduq və kifayət qədər müsahibələr götürdük. Bu film çox təsirli idi. Orada insanlar, dövlət müstəqil olsa da, Fransanın təsiri hələ də hiss olunur. Bizlər bu film sayəsində genosid haqda kifayət qədər təəssürat əldə etdik.
Almaz xanım, yaxın zamanda baş tutacaq hansı yeni layihələriniz olacaq?
Bəli, yenə də sənədli filmlər çəkməyi planladığımız layihələrimiz var. Əlbəttə ki, bir neçə xarici ölkəyə səyahət edərək yeni sənədli filmlər çəkməyi planlaşdırırıq.
Fatimə Mustafayeva