Pandemiyada işini itirdi, miniatür ustası oldu
Bölmə: Mədəniyyət › ,Tarix: 12:51 04.08.2023
Filmlərdə və seriallarda dekor üzrə rəssam çalışan 34 yaşlı Aydın Bağırov pandemiya dövründə işindən uzaq qalır və ağlına yeni ideya gəlir. Qısa müddət sonra bu ideyasını reallaşdırır:
“Neçə il kinoda işlədim. Ondan sonra fikrimə gəldi ki, mən bunun hamısını miniatürdə edə bilərəm. Hər işi qurtarandan sonra deyirdim ki, bu iş gözəl alınıb. Yerdən tapıram, görürəm ki, nəsə istifadə edə bilərəm. Başa düşdüm nəyə mən vaxtı sərf edərəm boş olanda. Bu, mənim ikinci sənətim kimi, hobbi kimi oldu. Çox şadam ki, belə bir ideya tapdım ortaya qoymuşam”.
Qəhrəmanımız tullantılara da ikinci nəfəs verir. Qarşısına çıxan hər parçanı dəyərləndirməyə çalışır:
“Maraqlı bir detal tapanda tullamıram onu, məsələn, rəngləyirəm onu. Tanirovkasını edirəm və alınır nəsə başqa şey. Gözlərimi elə öyrətdim ki, hər şeydə işlədilən bir şey, bir detal görə bilirəm. Əsasən kartonları rəngləyirəm, üzərindəki bütün materialları immitasiya edirəm ki, taxtadırsa, taxtaya oxşasın, dəmirdirsə, dəmirə oxşasın. Əsas marağı elə ondadır. Bunun hamısını immitasiya edib göstərməyə çalışıram, çünki göz aldadır, dəmir görünür, amma əslində kartondur”.
O deyir ki, ən qısa vaxt alan əl işi 5 saata başa gəlib. Bəzən 3 həftə vaxt aparan işi də olub. Ən uzun əziyət tələb edən işinə "astroloqun rəsədxanası" adını verib: “Həmişə kvadrat formasını edirdim. Beton binaları, bütün kompozisiyaları. Bu axırıncı işimdə yumru formasında tapmağa çalışdım. O bir az çox vaxt apardı. Axırda tapdım, metal və kərpic divaralarından belə bir stansiya yaratdım. Burada ulduzlara baxan bir astroloqun, robot astroloqun oturduğunu görürsünüz. O, ulduzları sayır və ətrafında köməkçiləri var. Bu, balaca bir səhnədir, əslində gələcəkdə animasiyada istifadə etmək istərdim”.
Gələcək üçün arzularını, real plana çevirməkdir Aydın Bağırovun düşüncəsi: “Arzum var, böyük bir miniatür şəhər tikmək və onu animasiyaya doğru bütün mexaniki fikirləşib etmək. Əslində dünyada diaqrama sərgiləri keçirilir. Baxaq da, bəlkə gələcəkdə Azərbaycanda da oldu”.
Aydın Bağırovun onlarla əl işi var. Bəziləri satılıb, bəzilərini isə hədiyyə edib. Əl işləri üçün sifariş də qəbul edir. İşlərin qiymətini isə fiqurların ölçüsünə və üzərindəki zəhmətə görə təyin edir.
Zeynəb