Kolleksiyaçı Zaur Adil: İnanırdım ki, vaxt gələcək həmin o vallar dəyərlənəcək
Bölmə: Mədəniyyət › ,Tarix: 21:40 04.08.2023
"Vallarda dinləyəndə musiqinin sanki həmin o sənətkarın yanınızda olub sizin üçün ifa etdiyini duyursunuz, onu elə eşidirsiniz" - Zaur Adil
Müsahibimiz kolleksiyaçı Zaur Adildir. Kolleksiyaçı Azərbaycan sənətkarlarının vallarını toplayaraq bu işin təbliğinə başlayıb. O, bu hobbisinin başlanma tarixçəsini və incəlikləri oxucularla bölüşüb.
Hələ 10 il bundan qabaq tanınmış tarixçi qonşumuz mənə bir yeşik val hədiyyə etdi. O, mənə həmin valı hədiyyə edəndə cavanlığım, uşaqlığım yadıma düşdü. O zamanlar biz həmin valları atırdıq. Çıxarıb baxanda dəyərli sənətkarlarımızın vallarının olduğunu gördüyümdən məndə elə bir sevgi yarandı ki, onun təbliğatı ilə məşğul olmağa başladım. Sosial səhifələrdə, öz dostlarımın arasında təbliğata başlayandan sonra anladım ki, ən çox da cavanlarımızın arasında bu vallara qarşı nə qədər sevgi var.
Ruslar xarici vallara, xüsusilə də Azərbaycan vallarını çox sevirlər. Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Vaqif Mustafazadənin, Akif İslamzadənin-ümumiyyətlə, Azərbaycanın istər simfonik, istər caz olsun, istər də muğamat olsun - bütün musiqiləri sevilir. Hətta deyərdim ki, adını çəkdiyim sənətkarların vallarını tapmaq belə olmur. Mən bu 10 ildə fikir verdim, hiss elədim ki, dünyada ən çox sevilən vallar Azərbaycan valları, Azərbaycan musiqisi sayılır. Azərbaycanın simfonik, muğam, klassik əsərləri bütün dünyada tanınıb. Onu da deyim ki, diqqət etdiyim bir şey də dünya miqyasında ən bahalı valların da elə Azərbaycan valları olmasıdır. Ən dəyərli, ən bahalı vallar Azərbaycan vallarıdır. Bu nə dərəcədə doğrudur deyə bilmərəm, amma oğlumla birlikdə araşdırmamıza görə, dünyadakı musiqilərin çoxu Azərbaycan muğamı üzərindən qurulur. Onu da qeyd edim ki, hazırda italyanlar, ingilislər ən çox gəlib məndən Azərbaycan muğamını istəyirlər.
Bütün xarici vətəndaşların şərhlərini, Azərbaycan muğamı haqqındakı düşüncələrini oxuduqda anlayıram ki, onlar, həqiqətən də, çox böyük sevgi bəsləyirlər. Hələ onlar bu dili bilmədikləri halda bu qədər sevgi bəsləyirlər. Bu, çox sevindirici haldır ki, 15-16 yaşdan yuxarı cavanlarımız Azərbaycan musiqisinə, Azərbaycan simfoniyasına, cazına-Azərbaycanın bütün klassik əsərlərinə, ifaçılarına onlardan qat-qat böyük, dərin məhəbbət bəsləyirlər.
Bu işlə məşğul olduğum dövrdə çox maraqlı hadisələr olub, sizə də birini danışım. Günlərin bir günü valla maraqlandığımda Azərbaycanın bölgələrindən birində, Gəncəyə qonaq qismində gedəndə bir yaşlı adam mənə dedi ki, məndə vallar var, torbaya yığmışam, tullayıram, gəl apar. Dedim ki, istəmirəm siz bunları atasınız, gəlin bunları sizdən pul qarşılığında alım. Yox dedi, bala, qoymuşam tullamağa, götür, apar. Deyirəm, ay dayı, pulsuz istəmirəm də. De, mən də bu valları səndən alım. Dedi birdən mən sənə 1000 manat desəm, sən yenə də bu valları almaq istəyərsən? Baxdım ki, həqiqətən də, 1000 manatdan daha yüksək qiymətə dəyər vallardır, çıxartdım həmin 1000 manatı verdim. Sağ olsun, bir gün də məni evində qonaq elədi və dayıyla razılığa gəldik.
Xoş haldır ki, hələ də evlərdə-istəyir Bakı, istər kəndlərdə-Azərbaycanın bir çox bölgələrində evində istifadə etməsələr belə valları saxlayan insanlar var ki, cavanlar əldə edib istifadə edə bilsinlər. Haradasa bir 10 ildir ki, bu valları yığanda mənə gülürdülər. Kimdənsə bu valları əldə edəndə "Nə edəcəksən?" deyib gülürdülər. Mən inanırdım ki, vaxt gələcək həmin o vallar dəyərlənəcək, buna sevgi yaranacaq. Hətta Azərbaycanda məndən başqa bu işlə məşğul olan insanlar var ki, bu işə maraq göstərirlər və bununla məşğul olurlar. Valın müasir avadanlıqlardan fərqi ondadır ki, müasir avadanlıqlarda olanlar rəqəmsal yazılıb və dinləyicilərə təqdim olunur. Lakin keçmiş vallarda polifonik, yəni canlı musiqilər, mahnılar yazılıb. Yəni həmin dahilər canlı ifa ediblər və onların səsləri birbaşa vallara yazılıb. Mən arzu edirəm ki, Azərbaycanda da vallar istehsal olunsun və bizim dahilərimizin səs yazıları onlara həkk olunsun ki, dünyaya tanıda bilək. İnşAllah, bu da olar.
Aydan Qasımova