Nəsimi, Babək, ya Rasim Balayev?
Bölmə: Mədəniyyət › ,Tarix: 22:34 08.08.2023
Prezident İlham Əliyev 75 illiyi münasibətlə Xalq artisti Rasim Balayevə “İstiqlal” ordeni təqdim edib.
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, aktyor Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsuda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. Bu, bu gün də belədir.
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, aktyorun 75-ci doğum günü münasibətilə, Facebook səhifəsində maraqlı paylaşımı ilə diqqət çəkib. “Rasim Balayevin ən çox sevdiyiniz rolu hansıdır?!” sualı sosial şəbəkə iştirakçılarınım Nəsimi və Babək sevgisini bir daha üzə çıxarıb.
Şərhlərə nəzər yetirdikdə, onun ən çox sevilən obrazlarının Nəsimi, növbəti olaraq isə, Babək olduğunun şahidi oluruq. Şərhlərdə hətta, Nəsimi obrazından sonra, aktyorun özünü bir müddət Nəsimi kimi aparması belə qeyd edilib. Nəsimi rolunda Nəiminin qızına şeir yazdığı səhnənin də unudulmaz adlandıranlarr az deyil. Ən təhlükəli obrazları sırasında isə “Beyrək-Şirlə mübarizə” olması yer alır. Babək obrası sevilməsinə baxmayaraq, nişanlısına xəyanət etdiyi üçün bu rola mənfi yanaşanlar da az deyil.
“Babək” filmində Rasim Balayevin 14 kiloluq ağır geyimi olub. Çəkilişlər zamanı üç dəfə atdan yıxılıb. Aktyor hər zaman deyir ki, “həm fiziki, həm aktyor oyununda üsyankarlığına baxmayaraq, Nəsimi nə qədər lirik idisə, onda da buntarlıq vardı”. Babək isə tamam başqa olub Rasim Balayev üçün..
Aktyorun Qardaş Türkiyədə çəkildiyi rollar içərisində Davud rolunun özünəməxsus dəyərə malik olmasını da görürük. Son olaraq, yazılan rəylər içərisində əsas diqqət çəkənlərdən biri də, “elə onun həyatdakı öz rolu” oldu...
“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə o, epizodik rol oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib. 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.
Cəmiyyətin sevgisini qazanan, hörmətlə qarşılanan Rasim bəyin film həyatındakı bütün rollarının onun ürəyincə olmasını söyləyə bilmərik. Rasim bəyin müsahibələrinin birində də qeyd olunduğu kimi: “Mən həmişə ssenarini oxumuşam. Baxmışam ki, bu rolu mən də oynasam həmindir, başqası da oynasa eynidir. Əgər yeni söz deyə bilməyəcəyəmsə, həmin rolu qəbul etməmişəm.“
Rasim bəyin də dediyi kimi: “Bu iş səhnə və ekran üçün yaranıb. Aktyor öz aktyorluğunu ya səhnədə etməlidir, ya da ki, ekranda...”
Yaxın günlər ərzində Aktyorun 75-ci doğum günü münasibətilə müsahibəmizi də təqdim edəcəyik.
Həcər Əmiraslanlı