“Hər ikisi həyat mənbəyimdir”

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:12 09.08.2023

İnformator.az-ın növbəti müsahibi Dizayner Günay Əmirovadır. O, öz peşəsi, atlara və incəsətə sevgisini bizimlə bölüşüb.

- Salam, Günay xanım. Xeyli müddətdir ki, sosial şəbəkədə sizin atlara sevginizi izləyirəm. Bu yaxınlarda peşənizin dizayner olduğunu öyrənmişəm. At sevgisi və dizayn… Bağlılıq nədədir?

- Salam. Hər ikisi həyat mənbəyimdir. Necə deyərlər, “Graphic design and horses is my endless inspiration”. Mən atları çox sevirəm və tez-tez Atçılıq mərkəzlərinə baş çəkirəm. Hətta Atçılıq mərkəzlərində könüllü kimi xüsusi uşaqlara - daun sindromlu, iflic, autizm xəstəliyi olan uşaqlarla işləyirəm. Son zamanlar, BMT-in xətti ilə təlimlər, masterklaslar keçirəm. Eyni zamanda, nitq və eşitmə qüsurlu insanlara dərs demişəm.

- Qrafik dizayner kimi nədən ilham alırsınız?

- Qrafik dizayner çox maraqlı və zövqverici peşədir. Rəsm sərgiləri, dünya dizaynerlərinin işlərini daima izləyirəm.

- Dizayn prosesində nələr daha çox diqqətinizi çəkir?

- Brifə əsasən əsas motiv, nədirsə, onu da vurğulayıb üzə çıxarıram.

- Ölkəmizdə dizayn sahəsi ilə bağlı çox sayda kurslar mövcuddur, həmin kurslar nə dərəcədə keyfiyyətlidir?

- Kurs çoxdur, amma kefiyyətlisi azdır. Öyrənmək istəyənlərə tövsiyəm müxtəlif internet resurslarından yararlanın, daima öz üzərinizdə çalışın. Ümumiyyətlə, qrafik dizayn sahəsi yenilikləri sevir. 2008-ci ildən bu sahədə olmağıma baxmayaraq günü bu gün də öyrənirəm. Qrafik dizayndan əlavə, kitab dizaynları da edirəm. Kitabın içinin tərtibatı və üz qabığını.

 

- İncəsənətə olan sevginiz nədən irəli gəlir?

- Gendən deyərdim. Həm babamın, həm də dayımın çox gözəl əl qabiliyyəti olub.

- İncəsənət sahəsində daha çox nə ilə maraqlanırsınız?

- Qrafika, teatr, balet. Həmçinin xəttatlıq (lettering, calligraphy). Hazırda dərslərini alıram.

- Maraqlı və məlumaverici müsahibə üçün təşəkkür edirəm.

- Əgər sizdə nəyəsə maraq oyada bildimsə, nə xoş.

 

Sayad Qoşnalıyeva