KİTABLAR TƏKCƏ OXUMAQ ÜÇÜN DEYİL, HƏM DƏ ONLARLA BİRLİKDƏ YAŞAMAQ ÜÇÜNDÜR...

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:55 09.08.2023

   Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir. Milli Kitab günü ilk dəfə Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq qeyd olunmağa başlanıb. Daha sonra isə bu bayram demək olar ki, dünyanın bir çox yerlərində Beynəlxalq Kitabsevərlər Gününə çevrilib. Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. Bu isə kitabsevərlər üçün ən gözəl bayramdır.

    Həqiqətən də kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Nəticədə, bir çox insan kitabları sevə, özlərini inkişaf etdirə bilər. Kitablar möcüzəvi bir dünyadır. Hər bir insan kitab oxuyarkən xoşbəxt anlar yaşaya, düşüncələrində heç vaxt kəşf etmədiyi sehrli aləmə düşə bilər. Kitablar insanların dünyagörüşünün, təxəyyülünün formalaşmasında əhəmiyyətlidir.

   İnformator.az Beynəlxalq Kitabsevərlər Gününü Mədəniyyət TV-də baş redaktorun müavini, kitabsevər Xavər Zahirlə qeyd edir.

  • Xavər xanım, bu gün kitabsevərlər günüdür. Sizi kitabsevər adlandıra bilərik?
  • Kitablar mənim ilk oyuncaqlarım, sonralar isə əsl dostlarım olub. Qonaq otağındakı böyük kitab rəfləri, kitab oxuyan valideyn, nağıllar danışan nənə və baba... Bunların əhatəsində necə kitabsevər biri yetişməyə bilər?! “Maraqlı hər şey, bax, bu kitablardadır, səhifələrin arasında qeyri-adi dünya var” – deyə mənə daim aşılanıb. Odur ki, məktəbə getməmişdən artıq oxumağı öyrənmişdim. İlk bitirdiyim qalın kitab da “Azərbaycan nağılları” olub. O vaxtdan da bütün kitablar mənim üçün sehrlidir. Doğurdan da, istənilən kitabı açıb oxumağa başladığın andakı halınla sona çatdırdığın hal arasında mütləq və mütləq dəyişiklik olur. Zehni və mənəvi olaraq yeni təcrübə qazanırsan. Elə təkcə bu xüsusiyyətinə görə kitabı sevmək lazımdır. “Kitabsevər”liyi hər kəs öz dünyagörüşünə görə dəyərləndirir. Mənim üçün kitabsevər olmaq, həm zövq alaraq oxumaq, oxuyaraq öyrənmək, öyrənərək tətbiq etmək, həm də ətrafdakıları bu prosesə cəlb edərək, onlarda maraq oyatmaqdır. Bu baxımdan özümü kitabsevər adlandıra bilərəm.
  • Kitablar insanların həyatına necə təsir göstərir?
  • Məşhur bir fikir var: “İnsana insan lazımdır”. Kitablar isə insana təzyiq göstərmədən, onun sözünü kəsmədən, mühakimə etmədən ən yaxşı sirdaşa çevrilə bilir. Doğurdan da, yanımızda heç kim olmayanda belə, bircə kitab insana böyük təsəlli olmaq gücünə malikdir. Amerikalı astrofizik Karl Saqanın dediyi kimi “kitablar insanın möcüzə yaratmaq bacarığının ən bariz nümunəsidir”. Türkiyəli yazıçı Orhan Pamuk “Yeni həyat”da bir kitabın tərifini belə ifadə etmişdi: “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi”. Bəli, kitablar əhəmiyyətsiz görünən xırda dəyişikliklərdən tutmuş, həyatın gedişatında kəskin dönüşlər etməyə kimi böyük addımlara yol açan möcüzədir.
  • Ən sevdiyiniz kitab hansıdır və nə üçün həmin kitab sizin üçün önəmlidir?
  • Sevdiyim bir ifadə var: “Kitablar təkcə oxumaq üçün deyil, həm də onlarla birlikdə yaşamaq üçündür...” Mən də xoşbəxtliyi kitabların əhatəsində olmaqda tapıram. Xüsusilə, sevdiyim bir kitab adı deməkdə çətinlik çəkərəm, amma sevdiyim yazıçılar var. Əsasən, fəlsəfi və psixoloji məqamların qabardıldığı, insanın daxili dünyasının üzə çıxdığı, güclü daxili monoloqların olduğu əsərlərə daha çox maraq duyuram. İlyas Əfəndiyevi, İsmayıl Şıxlını, Elçini oxumağı da buna görə sevirəm. Herman Hesse, Joze Saramaqo, Fyodor Dostoyevskinin qələmi mənim üçün daha maraqlıdır. Ən çox sevdiyim yazıçı isə Haruki Murakamidir. Ümumiyyətlə, yapon ədəbiyyatının vurğunuyam, amma Murakaminin mistik reallığı, melanxolik kişi obrazları, sirli qadınları və qeyri-adi atmosferə malik hekayələri mənim ruhuma doğmadır.
  • İndiki dövrümüzdə kitabsevər gənclərin sayının artmasını necə dəyərləndirirsiniz?
  • Son bir neçə ildə nəşriyyatların çoxalması, kitab dükanlarının artması, müntəzəm olaraq keçirilən kitab sərgiləri, yarmarkalar, endirim kampaniyaları təkcə gənclərin deyil, hər kəsin diqqət mərkəzindədir. Bu təbii ki, oxucu sayına öz təsirini göstərir. Lakin ilk növbədə, kitab oxumağa, mütaliəyə maraq lazımdır. Bu isə, məncə, ən çox “Instagram” və “YouTube”dan gəlir. Son vaxtlar “booktuber”lər, “bookstagram”ların çoxalması, həmin kanallardakı gənclərin oxuduqları kitablar haqqında geniş məlumat verilməsi, həmyaşıdlarında maraq oyatması da oxucu sayını artıran amildir. Xüsusilə, son vaxtlar bizdə də yerli kitab klublarının yaradılması, geniş onlayn və ənənəvi görüşlərin keçirilməsi gözəl ənənənin əsasını qoyub. Bu, əlbəttə ki, təqdirəlayiqdir. Çox istərdim ki, yerli kitab blogerlərimiz daha çox olsun, telekanallarda da kitablara, əsərlərin təhlilinə, ədəbi müzakirələrə həsr olunan verilişlər görək.

 Fatimə Mustafayeva