Rasim Balayevlə söhbət: "İnsan bir sənətə qədəm qoyursa, gərək peşəsinin Məcnunu olsun"

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:00 10.08.2023

Söz verdiyimiz kimi əməkdaşımız Həcər Əmiraslanlı Azərbaycanın əvəzsiz aktyoru Rasim Balayevdən müsahibə alıb. İnformator.az sözügedən müsahibəni təqdim edir.

 

Rasim bəy, yaradıcıllığa ilk addımınız “Ulduzlar sönmür” filmi ilə başlayıb. Bəs, siz hansı yaşdan etibarən özünüzü bu sahədə görməyə başladınız?

 

-Düzün desəm, o zamanlar mən kiçik, kütləvi səhnələrdə rol almışam. “Ulduzlar sönmür” filmində isə tanınılacaq qədər bir rolum olmayıb. Universiteti yenicə bitirdiyim ərəfədə, tanınmış xarici rejissor Vitautas Jalakyaviçyus “Azadlıq şirin sözdür” adlı film çəkməyə hazırlaşırdı. Film üçün yeni, gənc kadrlar axtarılırdı. Mən də getdim. Mənim də adımı həmin siyahıya qeyd etdilər. Mən hətta filmin rejissoruna belə bir sual ünvanladım: “Niyə məhz Azərbaycanlıları seçirsiniz bu filmə?” O, isə cavab olaraq bildirdi: “Ermənilərin də öz sifəti var, Gürcülərin də. Amma, sizin üzləriniz bir çox xarici üzlərlə oxşardır. Sən əgər mənə söyləsən ki, mən İspanam inanacam.”

Çox kiçik rol aldım bu filmdə. Yeri gələndə üzə düşüb, öz fikrimi belə bildirməkdən çəkinmirdim. Mən bunlardan əlavə bir çox televiziya tamaşalarında belə rol almışam. Nəsimi filminə qədəm qoymamışdan öncə bir çox filmlə təklif göndərdim. Lakin görkəmimin həmin filmə uyğun olmadığın bildirib, məni geri çevirdilər. Sonra, həyatımın əsas mərhələsi-Nəsimi başladı...


“Nəsimi” filmindən sonra mənim taleyim həll olundu. Bir çox yerlərdən mənə təkliflər gəlməyə başladı. Bu rol mənə “yaşıl işıq” oldu.


Rol aldığınız filmlər içərisində ən çox hansı obrazı canlandırmaqda çətinlik çəkdiniz?
-İlk böyük və çətin işim - Nəsimi oldu. Həmin filmdə paralel olaraq, bir çox görkəmli sənətkarlarla eyni səhnədə rol aldım. Bir əsərin qəhrəmanı yoxdursa, deməli, film də olmayacaq. Nəsimi mənim gələcəyim üçün çox böyük şans oldu. Rejissorların da mənə qarşı münasibətləri müsbət dərəcədə dəyişməyə başladı.


Növbəti çətin obrazım - Babək idi. Babək, həm psixoloji, həm də fiziki cəhətdən məni çox çətinliklərlə üzləşdirdi. O filmdə 14 kq həcmində, bir geyimim var idi. Yemək fasiləsi vaxtı belə geyimi çıxarmazdım. Çünki çıxarsam yenidən hazırlanması azı 1 saat çəkəcəkdi. Babəkin Azərbaycanı müdafiə etməsi üçün söylədiyi monoloqlar, uduzduğu an. Mən çalışırdım ki, Babəki canlandırdığım hər səhnədə Nəsimi obrazın xatırlatmayım. Allah tərəfindən mənə fərqli bir xüsusiyyət verilib. Mən çəkiləcəyim filmə belə ilk dəfə çəkiləcək kimi yanaşardım daim. Balaca rol belə olsa, məsuliyyətimi əsirgəməzdim.

 

Rasim bəy, Sovet kino tarixinə nəzər saldıqda, Adil İsgəndərov, Şahmar Ələkbərov, Ağasadıq Gəraybəyli və bir çox kino şəxsiyyətlərini xatırlamaq olar. Bəs bu gün kimlər var tarixdə qalası?
-Müasir zəmanədə bizim kinomuza qarşı olduqca narazı fikirlər yer alır. Çünki Azərbaycan televiziyası heç də yetəri qədər dəyərə malik filmlər çəkə bilmir. Pis, ya da yaxşı. Sovet dövrünün konkret quruluşu var idi. Biz daim ona əsasən irəlilədik. 6 il boyunca iş elə gətirdi ki, biz film belə çəkə bilmədik. 1200 işçinin hər biri ayrıldı. İndiki studiyalara nəzər salsaq, işçilərin ümumi sayı 30-a belə çatmaz. O vaxtlar ixtisasını püxtələşdirmək üçün hər kəs Moskvaya üz tutardı. Düzdür, Azərbaycanda da yetəri qədər ali təhsil ocaqları fəaliyyət göstərir. Amma onların bazası yoxdur. Bizim o dövrdə nə qədər görkəmli yazarlarımız, ehtiyat ssenarilərimiz var idi. Aktyor yetişdirmək olar. Amma indiki aktyorlar təəssüf ki, ustad əlinə düşməyi bacarmır...


Mənim bəxtim onda gətirdi ki, əvvəlki illərdə yetişə-yetişə gəldim. Sonra kino sahəmizdə dirçəliş baş verdi. Heydər Əliyevin göstərişilə tarixi simalarımızla yeni filmlər çəkildi: "Yeddi oğul istərəm", "Babək", "Dədə Qorqud" və s. Sonra SSRİ dağıldı, kino sahəmiz tənəzzülə doğru getdi. İndi aktyor yetişdirən ustadların bəziləri rəhmətə gedib, çoxları fiziki sağlamlıqdan əziyyət çəkir, bəziləri isə xaricə üz tutub. Amma mən nikbinəm. Səmimi qəlbdən inanıram ki, gələcəkdə hər şey yüksək səviyyədə təmin ediləcək! Mən də çox istərəm ki, 75 yaşım olsa da, o günü görmək qismət olsun.

 

Azərbaycanda kino sahəsində Rasim Balayevlərin yerini tuta biləcək gənc aktyor görürsünüzmü?
-Bizim o dövrdə nə qədər nəhəng, görkəmli aktyorlarımız olub. Sonra cavanlar yetişməyə başladı, biri də mən. Hər zamanın öz sənətkarı olacaq. Ola bilər ki, gələcəkdə məndən belə yaxşıları yetişsin. Amma onlar mən ola bilməyəcək...


Zaman yetişdirəcək, elə möhtəşəm aktyorlar günümüzə gələcək ki. Amma onlar biz ola bilməyəcək. Ölkəmizdə kifayət qədər aktyor məktəbi var. Amma bu məktəb çox yaxşı drammaturq, rejissor, operator əlinə düşməlidir. Operatordan çox şey asılıdır. Kino kollektiv sənətdir. Kimsə geri qalarsa, digəri ona çata bilməz.

 

Son olaraq, gənc aktyorlarımıza bu sahə ilə bağlı nəsihətləriniz?
-İlk növbədə bu sahə Allahdan gələn bir istedaddır. Aktyor zəhmətkeş olmalıdır. Bir iş görərsə, ondan arxayınçılıq duymamalıdır. Bəxt, tale, şans bu üç element bizim həyat mövqemizdir. Bunlardan biri olmasa, biz özümüzə yer tuta bilmərik. Aktyorlar öz sənətinə ötəri həvəs kimi baxmamalıdır. İnsan bir sənətə qədəm qoyursa, gərək peşəsinin Məcnunu olsun! Onu dəlicəsinə sevsin..Qarşıya maneələr çıxacaq, tənqid edəcəklər, imkansızdı deyəcəklər, hətta bəzən də yorulacaqsan, amma sən peşəni buraxmasan, o da səni əsla buraxmayacaq!

 

Həcər Əmiraslanlı