YAZIÇILARIN BƏYƏNMƏDİKLƏRİ HƏMKARLARI

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:47 14.08.2023

Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində “ən bəyəndiyim bədii əsər”, “ən çox sevdiyim yazıçı”, “ən maraqlı kitab” mövzulu yazılara, paylaşımlara tez-tez rast gəlirik. Müxtəlif peşə sahibi olan insanlar, xüsusilə yazıçılar, şairlər bunları başqaları ilə bölüşərək, kütlənin ədəbiyyata marağını artırmağa, kitab oxumağa diqqət yönəltməyə çalışırlar.

İnformator.az olaraq biz də insanların ədəbiyyat, yazıçı, əsər seçiminə dəstək üçün yazarlar arasında sorğu keçirmək qərarına gəldik. Qeyd etdiyim kimi, həmişə “ən çox bəyənilənlər” önə çəkilir. Bu dəfəki sorğumuz isə fərqlidir.

Yazıçılardan və şairlərdən soruşmuşuq:

1) Azərbaycan ədəbiyyatında hansı əsərləri, yazıçıları daha yüksək qiymətləndirirsiniz?

2) Yazıları, fikirləri xoşunuza gəlməyən, sizinlə əks qütb olan bir yazar həmkarınız olub?

 

 Yazar Vüqar Van:

 Söhbət müasir dövr Azərbaycan ədəbiyyatından gedirsə, əvvəlcə, ən son çıxan romanlardan başlayım.

1. Orxan Həsəni - "Və dalğalandı yaddaş tarlası" romanı

2. Cavid Ramazanov - "Amanabənd" romanı

3. Rəşad Səfər - "Keçilərin nəğməsi" romanı

 Müasir Azərbaycan ədəbiyyatı çox dar çevrədə tanınır, bir-iki müəllifi çıxmaq şərtilə, yazıçıların demək olar ki, auditoriyası yoxdur. Yazıçılar yazıçıları oxuyurlar. Buna baxmayaraq, ədəbiyyat inkişaf edir, onunla məşğul oluruq və ortaya kifayət qədər yaxşı, dünya ədəbiyyatındakı "naşir kitablarından", qonşularımızın dünyaya təqdim edilən müəlliflərindən heç də geri qalmayan əsərlər və müəlliflər çıxır. Həmid Herisçini, Rasim Qaracanı, Aqşin Yeniseyi, Seymur Baycanı, Şəhriyar del Geranini sevə-sevə oxuyuram. Və Azərbaycan dilində yazılan bütün əsərlərdən çalışıram xəbərdar olum. Yaşıdlarımdan Orxan Saffarini, Əli Zərbəlini, Rəvan Cavidi, Ayxan Ayvazı oxuyur və bəyənirəm.

Həm estetik, həm də əqidə tərəflərini bəyənmədiyim müəlliflər çoxdur. Amma konkret olaraq Təvəkkül Boysunar adlı gənc yazarın mətnlərindən və özündən zəhləm gedir.

 

Yazar Nemət Mətin:

 1. Aydın Talıbzadə - Ramana, Kənan Hacı - Fironun dəftəri, Azər Qismət - Çuğullar, Şərif Ağayar - Ağ göl, Azad Qaradərəli - Morq çiçəkləri, Akşin Yenisey - Tarix və tale. Siyahı uzundur.

 2. Biz ədəbi proseslərin zəif getdiyi dövrdə yaşayırıq. Odur ki, bu cür kəskin suala cavab olacaq bir fikrim yoxdur. Gələcəkdə bəlkə də ola bilər...

 Şair-Yazıçı Elşad Barat

 Mənim üçün əli qələm tutan hər kəs qiymətlidir. Çünki bu gün Azərbaycan ədəbiyyatında hər kəs birinci şəxsi münasibətləri qorusa da az da olsa milli mənəvi dəyərlərə xidmət edir.

 

Yazar Şərif Ağayar:

Azərbaycan ədəbiyyatında Mirzə Cəlillə  İsa Muğannanı özümə ən yaxın, ən doğma sayıram. Müasirlərdən imza çoxdur, indi ilk yadıma düşən üç nəfərin adını çəkərdim: Rafiq Tağı, Saday Budaqlı, Səfər Alışarlı... Onlardan daha gənc nəslin isə, demək olar ki, hamısını oxumuşam və hər birində yüksək dəyər verdiyim cəhətlər var. Ən çox polemikam isə Aqşin Yeniseylə düşür. Düzü, həm də ləzzət edir onunla söhbət. Hətta mübahisə. Dolu adamlardan həmişə yaxşı səslər çıxır. Qəbul edib-etməməyindən asılı olmayaraq.

 

Yazıçı Tural Turan:

Ən sevdiyim yazıçılardan bəhs edərkən; Çingiz Hüseynov, İsa Muğanna, Mövlud Süleymanlını xüsusilə vurğulamaq istəyirəm. Onların hər bir əsərlərin  2-3 il ara müddətində yenidən oxuyur, mütaliələr edir, yeni tendensiyalarla qarşılaşıram.

Xüsusilə, sevdiyim əsərləri barədə söyləmək istərəm ki, İsa Muğannanın - “Məşhər” və “Şəppəli” adlı əsərləri, Mövlud Süleymanlının - “Köç” romanı, Çingiz Hüseynovun - “Fətəli Fəthi” romanını çox bəyənirəm. Zənnimcə, bu əsərlər Dünya ədəbiyyatının əsərləri sırasına daxil olacaq qədər, dəyərli, yüksək keyfiyyətli əsərlərdir.

İstər yeni dövr yazıçılarımız, istər yaxınlıq etdiyim qələm dostlarım var ki, onlarla münasibətim hər zaman üst-üstə düşmür. Düşünürəm ki, bu fikir ayrılığı normal qarşılanmalıdır. Çünki hər yazıçı bir ayrı rəng, baxış bucağı deməkdir. Hər birisinin şəxsiyyətinə, qələminə hörmətlə yanaşıram.

 

HƏCƏR ƏMİRASLANLI