JURNALİSTLƏR NECƏ DİNCƏLİRLƏR?
Bölmə: MEDİA › ,Tarix: 16:16 14.08.2023
Günümüzdə insanlar həm fiziki, həm də mənəvi cəhətdən yorğun olurlar. Xüsusilə, yay günlərində bir çox insanlar məzuniyyətə çıxaraq istirahət etməyə çalışırlar. Bu istirahətlər onların yenidən canlanmasına, mənəvi insan ruhunun bərpa olunmasına kömək edir. Araşdırmalara görə, istirahətə az vaxt ayıran peşə sahiblərindən biri də jurnalistlərdir. İNFORMATOR.AZ saytı olaraq mövzu ilə bağlı bir neçə həmkarlarımız ilə həmsöhbət olmuşuq.
“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər deyir ki, hələ də öz layihələrinin bir qismini yekunlaşdıra bilməyib. “Ara-sıra hansısa tədbirlərə gedib, tədbir sonrası bir-iki gün dincəlməyi çıxsaq, demək olar ki, işdəyik. Yəqin ki, şəxsən məşğul olduğum layihələri yekunlaşdıra bilsəm, ay sonunu istirahətə ayıracam ki, yeni mövsüm öncəsi azacıq dincələ bilim”.
"Yeni Azərbaycan" qəzetinin əməkdaşı Müşfiqə Bayramlı isə Monteneqroda olan istirahətində həm mental, həm fiziki cəhətdən dincələ bilib. “Iki ay öncə ad günümü qeyd etmək üçün Monteneqroya getdim. Passiv istirahət olsa da, həm mental, həm də fiziki cəhətdən dincəldim. Məncə, Montenegro möhtəşəm seçimdir. Hər kəsə məsləhət görürəm. Vizasız olsa da, Avropadan heç də seçilmir. Ölkəmizi də qarış-qarış gəzmişəm. Mənim üçün ən gözəl rayon Qax olduğunu deyə bilərəm. İnsanları çox qonaqpərvər, havası, təbiəti ayrı gözəllikdədir. Bu yaxınlarda Qusarda oldum. Qusar üçün də eyni şeyi düşünürəm. Həm Bakıya yaxındır, həm də insanları çox gözəldir. Xidmət üzrə Qusar öndədir”.
Aparıcı və TMB radionun Pr meneceri Qumru Safiyeva isə istirahət müddətində müxtəlif muzeylərə, master classlara, maraqlı və fərqli eventlərə qatılıb. “Əslində azyaşlı və kifayət qədər kaprizli qızım olduğu üçün təəssüf ki, 3 ildir istirahət zamanı ölkə xaricinə gedə bilmirik. İstirahət üçün çox da uzaqlara getmiş sayılmarıq. İstirahətin 1 həftəsini ancaq tək özümə ayırdım. Ümumiyətlə, hər məzuniyyətdə mütləq şəkildə sadəcə özümə bir müddət vaxt ayırıram. Bu yenidən canlanmağım üçün çox vacibdir. Müxtəlif muzeylərə, master classlara, maraqlı və fərqli eventlərə qatıldım. Geridə qalan 3 həftəni isə bağımızda istirahətdə olduq. Hərkəs bağ mövsümündə necə ənənəvi şəkildə dincəlirsə, bizdə də eyni situasiya oldu. Artıq məzuniyyətim bitdi, 14 avqust iş günümdür”.
İmzafm.az radiosunun təsisçisi və redaktoru, Zəngəzur TV-nin Baş redaktoru Aynur Nadirqızı istirahətini ölkəmizin gözəl guşələrindən olan Qəbələdə keçirib. "İyulun 12-dən 22-nə kimi Qəbələdə istirahət etdim. Qəbələ mənim üçün ölkəmizin ən gözəl guşələrindən biridir. Hərdən uşaqlarımla birgə dənizə də getməyə çalışırıq. Artıq mən işə yenidən qayıtmışam. Zaqatalaya şəhidlərlə bağlı silsilə verlişin çəkilişinə gedirik. Mən bu verilişin həm redaktoru, həm rejissoruyam”.
Azərbaycan Televiziyasının İctimai-siyasi verilişlər redaksiyasının redaktoru Qönçəgül Kamalqızı isə istirahət müddətində oxumaq istədiyi kitablara vaxt ayıracaq. “Hələki işdəyəm. Təxmini avqustun axırı məzuniyyətə çıxacam. Belə uzun bir səyahət planlaşdırmıram. Əsasən, bir ay ərzində oxumaq istədiyim kitablara vaxtımı ayıracam”.
Fatimə Mustafayeva