SƏHNƏMİZİN ƏZİZƏSİ
Bölmə: Mədəniyyət › ,Tarix: 17:42 14.08.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 14 avqustda vəfat etmiş Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından, Azərbaycan teatr, kino sənətinə mühüm töhfələr verən, gözəl rolları ilə müəllif və rejissor ideyalarını tamaşaçılara çatdıran əməkdar artist Əzizə Məmmədova haqqındadır. Bu barədə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.
Mədəniyyət tariximizdə elə sənətkarlar var ki, nə qədər uzun illər keçsə də, onlar undulmur və öz sənətləri ilə yaddaşlarda yaşayırlar. Kino və teatr sənətinə mühüm töhfələr verən, maraqlı həyat və yaradıcılığı olan Əzizə Məmmədova da belə sənətkarlardan biridir. İllər keçməsinə baxmayaraq, hələ də oynadığı kinolar maraqla izlənir və aktuallığını itirmir. Aktrisa milli kinolarımızda ana və nənə rollarının usta ifaçısı kimi tanınır. Peşəkar aktrisa 1892-ci ildə Tiflisdə musiqiçi ailəsində dünyaya gəlib. İlk musiqi təhsilini atasından alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib.
Musiqiyə, incəsənətə çox maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanı aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik teatrda çalışıb və 1930-cu illərdə qısa müddət yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid və Təbliğ Teatrı) oynayıb.
Bakı Türk İşçi Teatrında müxtəlif tamaşalarda oynayan aktrisa Akademik Milli Dram Teatrında çox sayda əsas rollarda da oynayıb. "Görüş", "Hacı Qara", "Ögey ana", "Sevil", "Səhər" və başqa bir çox sevilərək izlənən kinolarda rol alıb.
Kino sahəsində xidmətlərinə görə "Şərəf nişanı" və "Qırmızı əmək bayrağı" ordenləri qazanan sevimli aktrisa Əzizə Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib.
MƏRYƏM MƏMMƏDOVA