106 YAŞLI AKTRİSA- MƏHLUQƏ SADIQOVA
Bölmə: Mədəniyyət › ,Tarix: 21:14 15.08.2023
"Əlamətdar günlər" rubrikasının bugün üçün növbəti mövzusu illər öncə bu gün – 15 avqustda dünyasını dəyişən Xalq artisti Məhluqə Sadıqova haqqındadır.
Hələ də izlənən, maraqlı film və çox sayda rolda oynayan, aktrisa üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanan aktrisanın oynadığı rollara aydın və səlis diksiyası, ifadəli səhnə danışığı dolğunluq və bütövlük gətirib.
Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşada doğulub. Beş il 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinfi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabrın 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.
Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz aparıcılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Yaxşı, Gülüş, Sona ("Oqtay Eloğlu", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Mehriban ("Vaqif", "Fərhad və Şirin" və "Xanlar", Səməd Vurğun), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə) və daha bir çox saysız-hesabsız rolları ifa edib. "Yeddi oğul istərəm", "Yenilməz batalyon" kimi müxtəlif filmlərdə oynayıb.
Müxtəlif mükafatlar qazanan aktrisa 2003-cü il avqustun 15-də Bakıda vəfat edib. Prezident İlham Əliyevin Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı ilə 17 oktyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktrisanın 100 illik yubileyi qeyd olunub.
MƏRYƏM MƏMMƏDOVA