Bəxtiyar deyəndə Vətən, vətənpərvərlik deyəndə yada düşən BƏXTİYAR
Bölmə: Mədəniyyət › ,Tarix: 20:43 16.08.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 16 avqustda doğulan şair Bəxtiyar Vahabzadə haqqındadır.
Adı vətənpərvərliklə xatırlanan, görkəmli, əvəzolunmaz xalq şairi Bəxtiyar Vahabzadə, daim oxucularının ən sevimlilərindən olub. Bəxtiyar deyəndə yada vətən, vətənpərvərlik düşər, vətən deyəndə isə Bəxtiyar. Onun millətin qəlbində qazandığı yer o qədər böyükdür ki, daim qoyub getdiyi gözəl əsərləri ilə yaşadılır. Xalqın sevgisini, hörmətini əbədi qazanan, ölməz şeirləri ilə tanınan bu şair 16 avqust 1925-ci ildə Şəkidə fəhlə ailəsində dünyaya gəlib. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızının uşaqları olmadığı üçün övladlığa götürülən Bəxtiyar ADU-nun Filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O zamandan şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah" və başqa bir çox pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
1960-cı illərdən başlayan Milli Azadlıq hərəkatının öncüllərindən olan şair, "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.
70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Çox sayda mükafatlara layiq görülüb. Şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilən dahi şəxsiyyət, saysız-hesabsız əsərləri yaddaşlara həkk olub.
Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
MƏRYƏM MƏMMƏDOVA