ŞÖHRƏTİNDƏN İSTİFADƏ ETMƏYƏN QÜRURLU İNSAN...

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:46 17.08.2023

   Bu gün dahi sənətkar Müslüm Maqomayevin doğum günüdür. Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə eyni dövrdə yaşamış Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri olan Müslüm Maqomayevin nəvəsidir. İnformator.az-ın bu dəfəki qonağı musiqişünas Lalə Huseynovadır. O, Müslüm Maqomayev haqqında, onun yaradıcılığından danışıb və bəstəkarla bağlı fikirlərini bölüşüb.

 

1. Müslüm Maqomayev bəstələdiyi hansı əsərlə yadda qalıb və sizcə bunun səbəbi nədir?

 

  O mahnılar yazırdı, yəni özünün bəstəkarlıq istedadı var idi. Ümumiyyətlə, Müslüm Maqomayev hərtərəfli istedada malik bir şəxsiyyət olub. Bu da, təbii ki, onun köklərindən gəlirdi. Ən çox sevilən mahnılarını yadımıza salmalı olsaq, 2 mahnının adını çəkmək istəyərəm. Nəbi Xəzrinin sözlərinə bəstələnmiş olan "Azərbaycan" mahnısı daim oxunan, tələb olunan və çox səmimi mahnıdır. Hər cəhətdən insanın ürəyinə yol tapır ki, bu da Müslüm Maqomayevə xas olan bir cəhətdir. Yəni burda hər hansı sünilik yoxdur. Burda məhz Azərbaycana olan sevgidən, ana yurda, ana torpağa olan məhəbbətdən və onun rəsmindən söhbət gedir. Mahnı həm Rus, həm də Azərbaycan dilində oxunur. Hər iki dildə də gözəl səslənir və bu mahnını bizim bir çox gənc müğənnilərimiz də oxuyur, böyük həvəslə ifa edirlər.

   Digər çox sevilən mahnısı isə rusca "Cиняя вечность" adlanır. Azərbaycan dilinə tərcümə etsək, "Göy əbədiyyət"dir, yəni söhbət dənizdən, göy rəngə bürünmüş dənizin əbədi yaşamından gedir. Məşhur klipi də var ki, burada Xəzər dənizində, qayanın üstündədir, ona öz hisslərindən danışır və elə özü də bu əsərini Xəzərə həsr etdiyini deyib. Çox coşqun mahnıdır, biz bu mahnıda Müslüm Maqomayevin səsindəki bütün çalarları eşidə bilirik.

   Mahnının çox maraqlı tarixçəsi var, çünki onun sözlərini Müslüm Maqomayevin dostu Gennadi Kozlovski yazıb. Bəzən deyirdilər ki, bu mahnının sözlərində şimal dənizindən söhbət gedir, al yelkənlərdən bəhs edilir. Güya Aleksandrın məşhur "Алые паруса" yəni "Al yelkənlər" əsəri ilə əlaqəlidir. Amma mən bununla qəti razı deyiləm. Bu əsər onun doğma vətəninin ayrılmaz hissəsi olan Xəzərə həsr olunub. Biz bunu həmişə Müslümün öz sözlərində də duymuşuq, mahnının çəkildiyi klipdə də Xəzər dənizinə üzünü tutub bu sözləri dediyini, mahnı oxuduğunu görürük. O ki qaldı Müslüm Maqomayevin digər əsərlərinə, dediyim kimi, o bir çox mahnılar yazıb, gözəl pianoçu, müğənni olub.

   Digər sənətkarların da yazdığı mahnılar Müslüm Maqomayevin adı ilə bağlıdır, çünki ilk dəfə onları səsləndirib. O, Sovet məkanının dahi müğənnisi olub. Yəni, doğrudan da, brend olub və o buraya böyük bir ulduz kimi daxil olub.

   Çox gənc idi, 20 yaşı vardı. Bu tembri təqlid etmək də olmur. Ha çalışırlar ki, səslərini Müslüm Maqomayevin səsinə bənzətsinlər, alınmır. Tembr o qədər fərqli və məxsusidir ki, təqlid etmək də olmur. Buna görə də, Sovet estradasında, hətta deyərdim Dünya estradasında parlayan bir ulduz olub. Çətin ki, o zaman kiməsə bu yaşda xalq artisti adını verərdilər, amma cəmi 30 yaşında ona "SSRİ xalq artisti" adını verdilər. Bu yalnız Müslümə xas idi. İndinin özündə də, onu izləyənlər, pərəstişkarları çoxdur. O, zamanın sınağından çıxmış bir sənətkar idi. Müslüm, təəssüf ki, tez dünyasını dəyişdi. O, anladı ki, həmin dövrdə istədiyi nəticəni ala bilməyəcək.

 

2. Maqomayev üslubuna yaxın musiqi bəstələyənlər varmı? Varsa, kimlərdir?

 

  Doğrusu, bu haqda heç fikirləşməmişəm. Çünki Müslüm Maqomayev fərqli, məxsusi, təkrarı olmayan sənətkardır ki, o üslubda bəstələmək də heç kəsin ağlına gəlmir. Amma mahnı janrında çalışanlar, Azərbaycanın çox gözəl mahnı bəstəkarları var və onlar Azərbaycan musiqi klassikasını çox zənginləşdiriblər. Müslüm Maqomayev Tofiq Quliyev, Rauf Hacıyev, Polad Bülbüloğlu kimi sənətkarların mahnılarını oxuyub.

 

3. Müslüm Maqomayevi necə təsvir edərdiniz?

 

  Çox gözəl, məğrur, qürurlu, savadlı, yaraşıqlı, istedadlı, qeyri-adi xarizması və enerjisi olan, təkrarolunmaz sənətkar kimi təsvir edirəm. Və bu xarizma heç vaxt ona pərəstiş edənlərin hafizəsindən, təsəvvürlərindən silinmir. Çox qüdrətli istedad idi ki, bu istedadda insan, bəlkə də, yüz, yaxud min ildə bir həyata gələr, ya gəlməz. Onda qəribə bir aristokratizm, alicənablıq var idi. Hamı qeyd edirdi ki, onun davranışlarında kübarlıq hiss olunurdu. Elə bir kübarlıq idi ki, hər adama qismət olmur və onun köklərindən gəlirdi. Son dərəcə təvazökar, hətta deyərdim utancaq biri idi.

 

4. Bəs indi xatirələri necə yaşayır?

 

   Hələ ki, onu yaxından tanıyanlar var və təbii ki, onun haqqında xatirələr də var. Deyirdilər ki, biz onunla qarşılaşanda təvazökarlığını yaxından hiss edirdik. Bəzən məşhurluqla yüklənsə də, daxilən çox təvazökar, sadə insan idi. Heç bir zaman şöhrətindən, məşhurluğundan istifadə etməzdi, çünki o qürurlu insan olub. Ruhun şad olsun, dahi sənətkar...

 

Aydan Qasımova