Rənglərin poeziyasını yaradan rəssam - Mikayıl Abdullayev

Tarix: 19:01 21.08.2023
Bu gün 21 avqust Azərbaycanın əvəzolunmaz rəssamı Mikayıl Abdullayevin xatirə günüdür.
Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə isə Surikov adına Moskva Dövlət Rəssamlıq Məktəbini bitirib.
Rəssam yaradıcılıq həyatını Azərbaycan təbiətinin, xalqının vəsfinə həsr edib. Rəssamın əsərləri dünyanın bir çox ölkəsində təşkil olunan beynəlxalq sərgi və festivallarda nümayiş olunub. Mikayıl Abdullayev 1947-ci ildə Moskvada keçirilən ümumiittifaq bədii sərgidə "Axşam" əsəri ilə iştirak edib. Bu rəsm rəssama böyük uğur gətirib. Rəssamın şöhrətinə şöhrət qatan "Mingəçevir işıqları" əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib. Elə ilk fərdi sərgisi də Moskvada keçirilib. 1966-1967-ci illərdə Berlin və Leyspiqdə, sonrakı illərdə başqa şəhərlərdə sərgiləri keçirilib. Əsərləri dünyanın bir çox muzeyində dəyərli eksponat kimi qorunur.
Sənətkat 1969-cu ildə beynəlxalq C.Nehru mükafatına, 1974-cü ildə isə Azərbaycan SSRİ Dövlət Mükafatına layiq görülüb. Mikayıl Abdullayev 1955-ci ildə "Azərbaycan SSRİ Əməkdar İncəsənət Xadimi" fəxri adını alıb, 1958-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib.
Rənglərin diliylə möhtəşəm əsərlər yaradan rəssam "SSRİ Xalq Rəssamı" fəxri adına layiq görülmüş ilk azərbaycanlı rəssamdır. Onun ən sevimli mövzusu XX əsrin qadınının zəngin mənəvi cizgilərini boyalarla əks etdirmək idi. Bu xüsusiyyət onun "Çəltikçi qızlar"əsərində əks olunub. Eyni zamanda 1941-ci il Böyük Vətən müharibəsi onun yaradıcılığının ana xəttidir.
20 Yanvar faciəsinin şahidi olan rəssam şəhidlərimizin qəhrəmanlığını "Nakamların dəfni" əsərində əks etdirib.
Rəssamın "Mingəçevir İşıqları","Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində","Çəltik əkən qızlar" əsərləri özünəməxsus koloritin zənginliyi ilə cəlbedicidir.
Sənətkarın teatr rəssamlığının inkişafında da xidməti böyük olub. O," Leyli və Məcnun", "Koroğlu" operalarına, Niyazinin "Çitra"baletinə bədii tərtibat verib.
İstedadlı sənətkar "İnqilab", "Lenin", "Oktyabr inqilabı","Xalqlar dostluğu" ordenlərinə də layiq görülüb.
Mikayıl Abdullayev 2002-ilin avqustun 21-də Bakı şəhərində 80 yaşında vəfat edib.
Azərbaycanın əməkdar incəsənət xadimi Ziyadxan Əliyev əvəzsiz sənətkar Mikayıl Abdullayev haqqında fikirlərini saytımızla bölüşüb:
"Azərbaycan təsviri sənəti 20-ci əsrin ikinci yarısından başlayaraq daha da güclü inkişaf etdi. Bunun əsas səbəbi Bakıda gənclərin müharibədən sonra Rusiyada təhsil alıb Azərbaycana dönməsi idi. Bu gənclərin arasında Mikayıl Abdullayev xüsusilə seçilib. O, hələ tələbə ikən öz maraqlı əsərləri ilə müəllimlərin diqqətini cəlb edib, yaratdığı "Axşam"tablosuyla gələcəkdə istedadlı rəssam olacağını göstərib. 50-ci illərdən başlayaraq Mikayıl Abdullayev təsviri sənətimizə böyük töhfələr verib. Onun yaradıcılığı çox şaxəlidir. Rəssamın Bakı metrosunun Nizami metrostansiyasında yaratdığı mozaik panolar isə Azərbaycan metrostansiyasını dünyadakı ən maraqlı tərtibatı olan metrostansiyalar arasına daxil edib.
Mikayıl Abdullayev bizə məlum olan "Nəsimi" obrazının yaradıcısıdır. İmaməddin Nəsiminin 600 illik yubleyi münasibətilə "Nəsimi" obrazının yaradılmasıyla bağlı müsabiqə keçirilib və Mikayıl Abdullayevin çəkdiyi portret qalib elan olunub".
Ziyadxan Əliyev onu da əlavə edib ki, rəssam müxtəlif janrlarda əsərlər yaratmaqla Azərbaycan təsviri sənətini təkcə Azərbaycanda yox, həm də dünyada təbliğ edən böyük rəssamlardan biridir: "Mikayıl Abdullayev XX əsrin Azərbaycan rəssamlığında ən böyük yeri olan rəssamlardan biridir. Düşünürəm ki, onun yaratdığı əsərlər zamansızlığa qovuşub və Azərbaycan incəsənətinin mövcudluğu ərzində biz onu hər zaman yad edəcəyik".
Nəzrin Mirzəyeva