Azərbaycan uşaq ədəbiyyatının gəldiyi və durduğu yer: ARAŞDIRMA
Bölmə: Mədəniyyət › ,Tarix: 16:47 22.08.2023
İnsan daim oxumalı, maariflənməli və ətrafına işıq saçmalıdır. Oxumağa isə elə kiçik yaşlardan başlamaq, müxtəlif ədəbiyyatlardan əldə edilən örnəklər, yazılarla inkişaf etmək lazımdır. Bəs Azərbaycanda uşaq ədəbiyyatı hansı səviyyədədir? Yaxşı və pis cəhətləri nələrdir? Pis cəhətlər varsa, hansı tədbirlərlə aradan qaldırılmalıdır?
İnformator.az-ın bu dəfəki qonaqları yazar Aləmzər Əlizadə və filologiya elmləri doktoru, yazıçı Zahid Xəlildir.
İlk sualımız budur ki, Azərbaycanda uşaq ədəbiyyatı necə inkişaf edib?
Zahid Xəlilin sözlərinə görə, Azərbaycan uşaq ədəbiyyatı XIX əsrin sonu, XX əsrin əvvəllərindən inkişaf etməyə başlayıb. Bu vaxta qədər də klassik əsərlərdə uşaqlar üçün mətnlər olub. Nizami, Füzuli, Şirvaninin əsərlərində gözəl hekayətlər var. Amma onlar sırf uşaq ədəbiyyatına aid deyil. O deyib ki, Bu gün uşaqlar üçün əsərlər yaranır. Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Ələsgər Əlioğlu, Sevinc Nuruqızı, Qəşəm Nəcəfzadə, Reyhan Yusifqızı kimi yazarlar müxtəlif yazılar yazırlar.
Yazıçının sözlərinə görə, XIX əsrin 2-ci yarısından etibarən "Dəbistan", "Məktəb", "Rəhbər" kimi jurnallar yaranmışdı. Rəhbər bir qədər uşaqlar üçün deyildi, lakin digərləri uşaq jurnalı idi və onlarda müxtəlif hekayələr çap olunurdu. Mirzə Ələkbər Sabirin ilk şeiri də elə burada çap olunmuşdu:
"Məktəb, məktəb, nə dilgüşasən,
Cənnət, cənnət desəm səzasən.
Şadəm, şadəm təfərrücündən,
Əlhəq, əlhəq, gözəl binasən!"
Zahid Xəlil bu misraların məhz uşaq ədəbiyyatı olduğunu ifadə edir: "Orada başqa şeylər də çap olunurdu. Məsələn, Həsən bəy Zərdabinin təbiət haqqında elmi məqalələri buna aiddir".
O deyir ki, mən bir dəfə düşündüm ki, bu elmi məqalələri uşaqlara vermək olmaz: "Amma necə etmək olar ki, bu maraqlı elmi məlumatlar uşaqlara çata bilsin. Mən də "Həsən babanın hekayələri" adı altında hekayələr yazdım. Fikir Həsən babanın idi, amma onu nağıl şəklinə salan mən oldum və çox böyük, 75 min tirajla çap olundu. Amma, əlbəttə, elə hekayələr də var ki, onları uşaqlara oxumaq üçün vermək olmaz".
Aləmzər Əlizadə isə bildirir ki, uşaq ədəbiyyatının inkişafı üçün heç bir mexanizm, heç bir qayda, heç bir məktəb və s. olmayıb. Bu gün də yoxdur.
Növbəti sualımız isə budur ki, Azərbaycanda uşaq ədəbiyyatının yaxşı və çatışmayan tərəfləri hansılardır?
Yaxşı bədii yazıların olduğunu deyən Aləmzər Əlizadə bunu uşaq ədəbiyyatımızın yaxşı yönü olduğunu hesab edir. Xəlil Rza da bu ifadəni təsdiqləyən ifadələrdən istifadə edib:
"Sovet dövründə uşaq ədəbiyyatımız çox yüksək səviyyədə inkişaf etmişdi. Təsəvvür edin ki, Moskvada keçirilən "İlin ən yaxşı uşaq kitabı" müsabiqədə mənim kitabım olan "Salam, cırtdan" kitabı birinci yerə çıxdı. Moskva deyəndə, 15 respublika nəzərdə tutulur. Bu ölkələrdə, xüsusilə Moskvanın özündə, Gürcüstanda, hətta Ermənistanda və başqa respublikalarda, Ukrayna, Moldovada böyük sənətkarlar var idi. Bütün bu ölkələrin içində Azərbaycan əsərinin birinci yerə çıxması, təbii ki, qürurverici idi. O zaman mən, doğrudan da, qürur duydum. Siz yaxşı cəhətlərini soruşursunuz. Yaxşı cəhəti budur ki, ədəbiyyatına qiymət-nə qonorar, nə də başqa bir şey verilmədiyi halda, yəni bu cür ağır zamanlarda belə bizim cavanlarımız uşaq ədəbiyyatı sahəsinə gəlir, yazır, qan-tər tökür, çox çətinliklə kitablarını çap etdirirlər. Mən onları fədakar hesab edirəm. Bu çox böyük bir işdir, çünki onlar bu işin öhdəsindən gəlib öz əsərlərini çap etdirirlər. Bu, əlbəttə ki, qürurvericidir. Pis cəhəti də elə sadaladıqlarımın içərisindədir, yəni uşaq ədəbiyyatına bir qədər az qiymət verilir".
Aləmzər Əlizadə, həmçinin deyir ki, kimin evində istifadə edə biləcəyi hər hansı kitab, jurnal, qəzet, internet vasitələri varsa, onlardan istifadə edə bilər. Uşağa nəyi aşılasan onu qavrayacaq, ağlı kəsənə kimi onu həqiqət biləcək, sonrası onun özündən asılıdır.
"Bəs hansı yaş kataqoriyasında insanlar bu ədəbiyyatı oxuya bilər?" sualına müsahiblərimiz müxtəlif cavablar veriblər.
Professor bildirir ki, uşaq ədəbiyyatını Sovet dövründə 3 yaş qrupuna ayırırdılar və bu yaş qruplarına uyğun şəkildə əsərlər yaradılırdı. Misal olaraq, başlanğıc yaş qrupuna, təxminən, 3-5, sonrakı qrupa 5-7, daha sonrakına isə 7-11 yaş aralığındakı uşaqlar daxil idi. Bunu, əslində, pedaqoqlar bu cür ayırırdılar ki, bu yaşda olan uşaqlar üçün hansı əsərlərin daha maraqlı olduğu aydınlaşsın. Lakin sonra gənclər üçün (bunu da dördüncü qrup hesab etmək olar) əsərlər yarandı. Hər yaş qrupunun özünə aid əsərləri olmalıdır. Çünki, məsələn, 3 yaşlı uşaq ilə bəzən hətta 3.5 yaşı olan uşaq arasında belə fərqlər olur. Və bu 2 uşaq eyni olsa belə, yəni söhbət yalnız bir neçə aydan getsə belə, fərqlilikləri mövcuddur. Məsələn, yazıçı nəzərə almalıdır ki, 3 yaşa qədər olan uşaq üçün hansı süjeti, əsəri yazmaq lazımdır. Korney Çukovski "Ikidən beşədək' lətifələri çox maraqlıdır və dünyada şöhrət qazanır.
Lakin Aləmzər Əlizadə 2 yaşından həyatını başa vuranadək insanların bu ədəbiyyatı oxuya, istifadə edə biləcəklərini deyib. "Əlbəttə, kiçik yaşlarda uşaqlara böyüklər oxuyur" deyən müsahibimiz validynlərin də bu işdə uşaqlara dəstək olması gərəkdiyini vurğulayıb.
Uşaq ədəbiyyatında daha çox hansı növ yazılar oxunur sualına professor bu cür cavab verib:
"Uşaq ədəbiyyatında yumor olan yazılar daha çox oxunur. Yazıçı uşaqlarla ciddi yox, zarafatyana söhbət etməlidir. Vermək istədiyi ciddi mesajları yazılarında elə gizlətməlidir ki, uşaq onu başa düşməsin. Məsələn, özümdən misal gətirsəm, "Orxan və dostları" adlı çap olunan uşaq romanımda Orxanla zarafatlaşıram və çox zaman onu iynələyir, zarafatla tənqid edirəm. Bundan başqa, Orxanla bağlı şeirlərim də var. Lakin buna baxmayaraq, nə Orxan, nə də Orxanla olan yazılarımı oxuyan uşaqlar incimirlər. Çünki çox incə, zərif şəkildə edilən zarafatlardır. İlk növbədə uşaq ədəbiyyatından tələb etdiyim şey budur ki, uşaqlarla ciddi deyil, bu tərzdə danışsınlar. Ciddi, qaraqabaq insanları uşaqlar, hətta, bəlkə də, böyüklər də sevmir. Ona görə də uşaq yazıçısı alnıaçıq, güləriz, necə deyərlər, sözünü gözəl ifadə etməyi, deməyi bacaran olmalıdır".
Bəs, görəsən, uşaq ədəbiyyatının uşaqlara təsiri necədir?
Aləmzər Əlizadə düşünür ki, uşaqları əsl ədəbi nümunələrlə yükləmək, onların zövqünü formalaşdırmaq vacibdir. Bu isə çox çətindir. Çünki istər uşaq, istər böyük fərq etmədən zövq, istedad, bədilik tələb edir. Bu da az qisim oxucuda, yazarlarda rast gəlinir.
"Axı hər kəs özü özlüyündə bildiyindən razıdır" deyən yazar bunun çarəsinin bütün informasiya vasitələrinin şəxslərə, vəzifələrə, maddiyata görə yox, ədəbiyata görə hesablanması olduğunu bildirin. Onun sözlərinə görə, bu isə mümkün deyil.
Professor Zahid Xəlil bildirir ki, Uşaq ədəbiyyatı, əlbəttə ki, körpəyə qol-qanad verməli, onun xəyallarını qanadlandırmalı, ona gələcəklə bağlı ümid verməlidir. Uşaq ədəbiyyatı ədəbiyyatın bütün xüsusiyyətlərini özündə saxlamalıdır. Eyni zamanda uşaq ədəbiyyatının başqa bir cəhəti də var ki, o, uşağı tərbiyə etməlidir. Rus tənqidçisi Belinskinin belə bir ifadəsi var:
"Yazıçı olmaq üçün bir istedad, uşaq yazıçısı olmaq üçün isə iki istedad lazımdır. Bir yazıçılıq istedadı, iki isə pedaqoqluq istedadıdır".
Yəni uşaq ədəbiyyatı sahəsində çalışmaq bir qədər çətindir. Çünki sən pedaqoq olmasan, uşaqlara hansı hadisəni danışmalı olduğunu, hansı sözü deyib-deməməli olduğunu bilməyəcəksən və nəticədə sənin yazıların xeyir yerinə ziyan gətirəcək.
"Sizcə, inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?" sualını yazıçı və professor belə cavablandırıb:
"O addımlar haqqında indi danışmaq çətindir, çünki Sovet zamanında uşaq ədəbiyyatı ilə bağlı xüsusi qərarlar çıxırdı. Məsələn, bizdə həmin qərarlar çıxmayacaq, gözləmək də lazım deyil. O zaman ona görə çıxırdı ki, Sovet ölkəsi ədəbiyyatın, jurnalistikanın üzərində qurulmuşdu. Yəni həmin təbliğat maşını əvvəllər daha çox fəaliyyət göstərirdi. Məsələn, təsəvvür edin ki, universitetlərdə jurnalistika ixtisasına qəbul olmaq mümkün deyildi. Lakin indi bu kimi şeylər daha asandır. Niyəmi? Çünki o dövrün özünəməxsus tələbləri var idi. Buna görə də uşaq ədəbiyyatına qayğı göstərilir, onun üçün xüsusi qərarlar çıxarılırdı. Lakin bundan sonra inanmıram ki, nə isə etmək mümkün olsun.
Aydan Qasımova