70 YAŞLI REJİSSOR
Bölmə: Mədəniyyət › ,Tarix: 18:14 28.08.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 28 avqustda doğulan, kino sahəsində böyük əməyi olan, kinorejissor, ssenarist, xalq artisti Vaqif Mustafayev barədə həyatından qısa araşdırmanı təqdim edirik. Öncəliklə rejissora daim sağlam, uğurlu və bol kinolu uzun illər arzu edirik.
Bütün kino tamaşaçılarının rəğbətini qazanmasa da, ancaq dünya kinosunda öz yerini tutan və özünə məxsus xeyli izləyicisi olan Vaqif Mustafayev öz üslubu ilə seçilən müəlliflərdən biridir. Metaforaları, ironiyası, postmodern ideyaları ilə fərqlənən filmləri bugün onun haqqında danışmağa kifayət edir.
Bir çox beynəlxalq kinofestivallarda jüri sədri olan, professor elmi adına layiq görülən Vaqif Mustafayev 1953-cü ildə Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğundan dərs deyən, əmək fəaliyyətinə 1973-cü ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayan rejissor bu günə qədər də davam etdirir. Yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkən rejissor, ilk kino mükafatını 1984-cü ildə Moskvada Beynəlxalq gənc kinematoqrafçılar kinofestivalında "Belə lazımdır" qısa metrajlı filmində "Ən yaxşı rejissor işinə görə" qazanıb. Həmin ildə onun "Musiqili xaş" Mosfilm" kinostudiyasının festivalında "Ən yaxşı ssenariyə gorə" mükafatlandırılıb.
1985-ci ildə "Bəyin oğurlanması" kinokomediyasını çəkən və filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alan Vaqıf Mustafayev, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu filmlərdən üçü "Əsl məhəbbət haqqında" , "Bir həsədin tarixi" və "Xüsusi təyinat " filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş "Dərdimi çəkirəm" sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə "Həyat, deyəsən, gözəldir" bədii və "Fikrət Əmirov" bədii-sənədli filmlərini ərsəyə gətirib.
Avrasiya Televiziya Akademiyasının I vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, bugünə qədər saysız filmlərinə və əməyinə görə bir çox mükafatlar qazanıb.
Məryəm Məmmədova