YADDAŞLARDA ROLLARI İLƏ QALAN AKTRİSA- YAŞASAYDI 66 YAŞI OLARDI....

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:27 31.08.2023

"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 31 avqustda dünyaya gələn Əməkdar artist, aktrisa Kübra Dadaşova haqqındadır. Bu barədə İnformator.az saytı araşdırma aparıb.

   Uşaqlıq illəri demək olar ki, Gənc Tamaşaçılar Teatrında keçən, ata-anası aktyor olduğu üçün teatrda böyüyən Kübra Dadaşova bir çox filmlərdə əsas rolları ifa edib. 31 avqust 1957-ci ildə aktyor ailəsində doğulan aktrisa 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə, hələ tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradır. 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adını alıb. Lakin yaxınlarının dediyinə görə, aktrisa xəstə yatan günlərdə aldığı bu ada sevinməyib.

   Jurnalistlər xəstə olandan sonra ondan müsahibə almaq, görüşmək istəyiblər, ancaq qısa bir açıqlamada bunları deyib: “İstəmirəm ki, insanlar bu halımı görsünlər, qoy yaddaşlarda necəyəmsə, əbədi olaraq da elə qalım. İstəmirəm, kimsə mənə görə pul yığsın, harasa müalicə üçün göndərsin. Əgər yaradıcılığım haqqında yazmaq istəyirlərsə yazsınlar, ancaq kömək lazım deyil”.

  Xalq artisti 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib. Kübra xanım əməliyyat nə qədər riskli olsa da, ölmək yox, yaşamaq istədiyini deyib, lakin dünyasını dəyişib.

Məryəm Məmmədova