Azərbaycan dili və ədəbiyyatı forumu başa çatdı

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:59 04.09.2023

   Azərbaycanda ilk dəfə olaraq 1-3 sentyabrda Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilib.

   Heydər Əliyevin 100 illiyinə həsr olunan forum Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilib. Sentyabrın 2-si Şamaxı şəhərində başlayan forum sentyabrın 3-4-də Bakı şəhərində davam edib. Forumda tanınmış dilçi və ədəbiyyatşünas alimlər, yazıçı və naşirlər iştirak edib.

   Forumun təşkilinin dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz üçün geniş inkişafa yol açacağını deyən Audiokitabın direktoru Əhliman Ərşadlı deyir ki, "mənim üçün yadda qalan əsas məqam o oldu ki, tanınmış yazıçı, ziyali və incəsənət xadimlərinin 3 gün ərzində forum ətrafında səmimi, bəzən aqressiv mübahisələri oldu. Amma dost və mehriban şəraitdə forumu izlədilər".

   Direktor forumun müsbət mənada nələrə səbəb olacağına da toxunub: "Bu cür forumlar nə qədər çox keçirilsə, dilimizin inkişafına daha çox təkan verər. Tək Azərbaycan Dili və Ədəbiyyat Forumu yox, o cümlədən, mədəniyyat sahəsinin də digər qollarını əhatə edən forumlar keçirilməlidir. Bu forumlar ayrıca naşirlər üçün də olmalıdır. Bu naşirlərimizin kitab sənayesində çatışan və çatışmayan cəhətləri geniş müstəvidə müzakirə edib çıxış yollarını tapmaqda çox yaxşı fürsət olar".

   Əhliman Ərşadlı sonda bir təklif də irəli sürdü. O təklif edir ki, audiokitablar ingilis dilinə tərcümə edilsin. 

Çinarə Muradova