82 il ömür sürüb 102 il yaşayan yazıçı-Əzizə Cəfərzadə
Bölmə: Mədəniyyət › ,Tarix: 23:34 04.09.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu 20 il öncə bu gün – 4 sentyabrda vəfat edən yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə haqqındadır. Bu barədə İnformator.az saytının əməkdaşı araşdırma aparıb.
Ölümündən 20 il keçməsinə baxmayaraq, yenə də xatırlanan, Azərbaycan elmi və ədəbiyyatı qarşısında yüksək xidmətlər göstərən, xalqın məhəbbətini qazanan yazıçı bugün də unudulmur. Əzizə Cəfərzadə 1921-ci il 29 dekabrda Bakıda doğulub. Ədəbi fəaliyyətə 16 yaşda başlayan yazıçı 25 saylı məktəbdə ibtidai təhsil almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub.
1942–1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyən Əzizə xanım 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınıan Əzizə Cəfərzadə, bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
Tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərən və saysız əsərləri olan yazıçı bir çox mükafatlara layiq görülüb.
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.
RUHU ŞAD OLSUN!
Məryəm Məmmədova