Ölməz sənətkar SƏYAVUŞ ASLANIN 88 illiyidir

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:39 05.09.2023

"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 5 sentyabrda doğulan Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSSR xalq artisti Səyavuş Aslan haqqındadır. Bu barədə İnformator.az saytının əməkdaşı araşdırma aparıb. Bugün ölməz sənətkarın 88 yaşı olur.

 

Yaratdığı obrazlarla sadəcə güldürməyib, eyni zamanda düşündürməyi də bacaran görkəmli sənətkar bugünə kimi də yaddaşlarda qalmağı bacarıb. Bəzilərinin yaddaşında 70-ci illərin əvvəllərində Azərbaycan televiziyasında hər həftə yumoristik novellalar adlı verilişin yayımlandığı vaxt ilə də xatırlanır. Həyatda çətinliklərlə, problemlərlə qarşılaşmasına rəğmən səhnədə şən olmağı, gülməyi, güldürməyi, düşündürməyi bacarırdı. Milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verən əvəzolunmaz sənətkar daim öz istedadı və rolları ilə seçilib.

 

Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Səyavuş Aslan, 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edən aktyor, 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olan sənətkar bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.

 

Bugünə kimi bir çoxları tərəfindən izlənməyə davam edən saysız filmləri, unudulmaz rolları ilə tanınan aktyor bir çox mükafatlara layiq görülüb.

 

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. Xalq artisti, ll Fəxri xiyabanda dəfn olunub.

 

RUHU ŞAD OLSUN!

 

Məryəm Məmmədova