Avstraliya ilə Çin arasındakı buzlar əriyir

Bölmə: Dünya › ,
Tarix: 21:06 07.09.2023

  Covid-19 pandemiyası zamanı demək olar ki, tamamilə qopan Avstraliya ilə Çin arasındakı münasibətlərdə buzlar əriməyə başlayıb. İki ölkə arasında üç ildən sonra ilk dəfə irəli sürülən dialoq təşəbbüsü çərçivəsində Avstraliya nümayəndə heyətinin Pekinə səfəri qərara alınıb.

   Çinin Baş naziri Li Qiang və Avstraliyanın baş naziri Entoni Albanesenin iki ölkə arasında qarşılıqlı əlaqələrin bərpası ilə bağlı Cakartada keçirilən sammitdə razılığa gəlməsinin ardınca, Pekinə səfər planlaşdırılır.İki ölkə arasında üç ildən sonra ilk dəfə irəli sürülən dialoq təşəbbüsü çərçivəsində Avstraliya nümayəndə heyətinin bu ölkəyə getməsi qərara alınıb. Avstraliya nümayəndə heyətinə rəhbərlik edən keçmiş ticarət naziri Kreyq Emerson münasibətlərdə son vaxtlar müsbət irəliləyişləri alqışladığını bildirib. Qeyd edib ki, hələ görüləcək çox iş var.Çinin keçmiş xarici işlər naziri Li Zhaoxing isə ticarətin liberallaşdırılmasına sadiq qalmalı olunduğunu vurğulayıb. Bildirib ki, soyuq müharibə zehniyyətinə, blok münaqişəsinə və ticarət proteksionizminə birlikdə qarşı çıxılmalıdır. Euronyusun məlumatına görə, Pekində keçiriləcək dialoqda ticarət, beynəlxalq əlaqələr və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

   Çin eləcə də Avstraliya Asiya-Sakit okean regionunda mühüm ölkələrdir. Çin və Avstraliya arasında diplomatik əlaqələr 1972-ci ildə qurulub. İkitərəfli münasibətlər 2014-cü ildə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. 2015-ci ildə Çin-Avstraliya Azad Ticarət Sazişi qüvvəyə minib. Həmin dövrdə Çin bu ölkənin ən böyük ticarət tərəfdaşı olsa da Avstraliya hökümətinin Pekinə münasibətdə ABŞ-ın istəklərinə uyğun addımlar atması əlaqələrin məhdudlaşması ilə nəticələndi.Avstraliyada 2022-ci ildə yeni hakimiyyətə gələn iqtidar bu siyasəti dəyişməyə qərar verdi.

   Avstraliya və Çin arasında insan hüquqlarından tutmuş Covid-19-un mənşəyinin müəyyənləşdirilməsi,ticarətə qədər müxtəlif məsələlərdə fikir ayrılıqları mövcuddur. Pekinlə münasibətlərin dondurulduğu bu dövrdə Avstraliya, nüvə enerjisi ilə işləyən sualtı qayıqlara girişə imkan verən ABŞ və Böyük Britaniya ilə nüvə tərəfdaşlığı qurub.Bundan əlavə əvvəlki Avstraliya hökuməti daxili siyasətə gizli xarici müdaxiləni qadağan edən qanunlar qəbul etmişdi. Çinə məxsus telekommunikasiya nəhəngi Huawei-nin Avstraliyada 5G şəbəkəsini qurmasını təhlükəsizlik səbəblərindən qarşısını almışdı.

Avstraliya ölkələri Covid-19 epidemiyası ilə bağlı müstəqil araşdırma aparmağa çağırmışdı. Buna cavab olaraq Çin Avstraliyaya 80,5 faizlik gömrük rüsumu tətəbiq edərək 2020-ci ildə arpa ticarətinə əngəllər tətbiq etdi. Pekin həmçinin Avstraliya şərabına, mal əti və kömürə, eləcə də digər məhsullara gömrük tarifləri təyin etdi. Düzdür, bu yaxınlarda arpaya tətbiq edilən gömrük rüsumu ləğv edilib.Eləcə də bu ilin əvvəlində 2020-ci ildə Avstraliyadan kömür idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmaq istiqamətində addımlar atdı. Lakin Pekin hələ də Avstraliya ilə ticarətdə yüksək vergi siyasəti yürüdür.

   Xatırladaq ki, Çinlə Avstraliya arasında taxıl ticarətinin bərpası heç də sakit həll olmayıb. Rəsmi Kanberra bunun üçün Pekini təhdid etmişdi. Belə ki,xarici işlər naziri Penny Wong bu ilin aprelində verdiyi açıqlamada hökumətin "Avstraliya taxılı ilə bağlı mübahisənin həlli istiqamətində Çinlə razılığa gəldiklərini bildirərək əvəzində Dünya Ticarət Təşkilatı qarşısındakı şikayəti müvəqqəti olaraq geri çəkəcəklərini demişdi. O hətta gömrük tariflərinin qaldırılmayacağı təqdirdə şikayətə yenidən baxılacağını vurğulayaraq bir növ Pekini təhdid etmişdi.

LEYLA