KİTABLARIN HƏYATIMIZI DƏYİŞƏN SEHRLİ GÜCÜ!
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202309/6957975_1.jpg)
Tarix: 18:18 11.09.2023
Düşüncəmizə, həyatımıza müsbət təsiri əvəzsiz olan amillərdən biri kitablardır. Kitablar səmərəli vaxt keçirməyimiz üçün bizlə danışan dilsiz-ağızsız dostarımızdır. Təəssüflər olsun ki, gənclərin çoxu bizə bu qədər şey öyrədən dostlarımızdan uzaqdırlar. Bununla yanaşı kitab oxumağı vərdiş halına gətirən gənclərimiz də var. Həmin gənclər ki həyatı, özlərini dərk etmək üçün kitablar başlıca rol oynayıb. Bəs bu kitablar hansılardır?
Həmsöhbətimiz Nəimi İsmayılzadə kitab oxumağı vərdiş halına gətirdiyini və oxumağa öz istəyi ilə başlamadığını deyir. "Kitab oxumağa sərbəst işlərimi yaza bilmək üçün başladım, sonra oxumadığım müddətdə nə qədər şey itirdiyimin fərqinə vardım. İlk oxuduğum kitab Elxan Elatlının "Bakıdan gələn xəfiyyə" kitabı olub". Nəiminin düşüncəsini dəyişən, həyatında oxuduğu ən maraqlı kitab Etel Lilian Voyniçin "Ovod" kitabıdır. Əsərin qəhrəmanının məqsədinə çatmaq üçün hər şeyi gözə almağı, azadlıq istəyi, yarım qalmış sevgi hekayəsi Nəiminin diqqətini çəkib. Həmsöhbətimiz bu əsəri oxuyarkən özündə mənfi cəhətləri də üzə çıxarıb. "Həmin əsəri oxuduqca baş rolun davranışlarını gördüm. Əsərdəki qəhrəman aciz və qorxaq deyildi, bu mənim hərəkət və düşüncəmə təsir etdi".
Nəimi sevdiyi digər kitabların da adını çəkir. Stefan Zweig "Bilinməyən bir qadının məktubu", Dostoyevski "Bəyaz Gecələr"i onun ən çox mütaliə etdiyi bədii kitblrdır.
Digər həmsöhbətimiz Günel Ayxandır. Günelin dostu, tanışı çox olsa da, özünü yalnız hiss edən biridir. Bu yalnızlığın çarəsini kitablarda tapıb. "Ruhən hər zaman yalnız bir insan olmuşam, fikirlərimlə, xarakterimlə çox insan razılaşmayıb. Frans Kafka'nın "mənim yalnızlığım insanlarla doludur" fikrini özümə aid edirəm. Yalnız hiss etdiyim üçün özümü kitablarda, oradakı obrazlarda tapdım. Oradakı hadisələr, obrazlar mənə çox doğma gəlir". Həmsöhbətimizin düşüncəsini dəyişən, həyatına 70% təsir edən kitab Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" romanı olub. "Bu romanda həm pessimist, həm də optimist obraz var. Onların bir-birilə dialoqunda mən özümü tapdım. Zaman-zaman özümü tanımağa, tapmağa başladım". Müsahibimiz sözügedən romandan sevdiyi cümlələri də vurğulyır. "Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən!".
"Kitab oxumayan insan ölənə qədər yalnız bir həyat yaşaya bilir, kitab oxuyan insansa ömrünün axırına kimi oxuduğu kitablar qədər yaşayır!" bu fikri eşidəndən sonra oxumağı vərdiş halına gətirən Fədail Rüstəmov üçün kitablar əvəzsiz amildir. Fədailin düşüncəsinə təsir edən kitab Qaraqanın "Birinci addım-beş milyonçu" romanıdır. "Bu kitab müəyyən uğurlar qazanmış insanların həyatlarından danışır. Kitab mənə çox motivasiya verdi, əsəri oxumazdan əvvəl mənim düşüncəm başqa idi, nə vaxtsa hər-hansı bir sahədə uğur qazana biləcəyimi fikirləşmirdim, amma kitabda elə hadisələrdən bəhs edir ki, insan oxuyandan sonra özünə deyir, niyə də yox?! mən də bacara bilərəm!".
Bəs niyə gənclərin çoxu bu gözəl vərdişdən bəhrələnmirlər? Bunun səbəbi nədir?
Ailə və uşaq psixoluqu Aynur İsmayılovanın sözlərinə görə, gənclərə kitab oxumaq vərdişi ailədən gəlir. "Əslində, kitab marağı gənclərdə uşaqlıq dövründən başlayır. Əgər kiçik yaşlı uşağın valideyni əlinə kitab götürüb vərəqləyirsə, ən az yarım saat kitab oxuyursa, bu hal uşağın diqqətini çəkəcək. Valideyn deyə bilər ki, sənə bu səfər oyuncaq əvəzinə bir kitab alım". Psixoloq deyir ki, valideyni kitab həvəskarı olmayan, evində kitab rəfi olmayan, dərs oxumaq xətrinə övladına kitab oxudan uşaqda oxumağa həvəs olmayacaq. Aynur xanım valideynlərə tövsiyə edir ki, uşaqlıq, yeniyetməlik dövründə övladlarının diqqətini çəkəcək bir kitabı onlara aşılasınlar. "Kitab oxumaq vərdişi, gündə nə azı bir səhifə oxumaqla formalaşır".
ÇİNARƏ MURADOVA