TARİXDƏ BU GÜN-MANAF SÜLEYMANOVUN XATİRƏ GÜNÜ

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:08 12.09.2023

Dilçi, yazıçı, tarixçi Manaf Süleymanov 1912-ci martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Əmək fəaliyyətinə Qaradaş Neft-qaz Mədənləri idarəsində mühəndislikdən başlamış, Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), İnstitutunun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub. O, 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.

 

Manaf Süleymanovun yaradıcılığı ilə bağlı sosial şəbəkədə sorğu keçirdik. Oxucularının ən çox sevdiyi kitabı "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" əsəridir. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qə­­­dim keçmişindən, inqilab dövründə neft səltənətində baş ve­rən hadi­sə­lərdən, Bakının keçməkeşli günlərindən bəhs edir. Bu əsər nə tarixi oçerk, nə də publisistik essedir. Bu, hər şey­dən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövrü­n­dən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haq­qın­da bədii salna­mədir. O dövrün möhtəşəm sarayları, imarət­lər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çay­la­rı, ba­zarlar, karvan­saralar, yan­­ğınlar, tətillər, nümayişlər, qan­lı toq­­quşmalarını göstərən bir güz­gü­dür.


Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 min ədəd satılıb.


O, ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirib.


Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilib.


Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirib. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışmış qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplayıb. Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim edib. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılıb. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.


Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaradıb. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. M. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.
Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur.

 

ÇİNARƏ MURADOVA