Zamiq Hüseynovun doğum günüdür
Bölmə: Mədəniyyət › ,Tarix: 20:49 12.09.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 12 sentyabrda dünyaya gələn dinləyicilərinin sevimlisi, populyar gənc müğənni Zamiq Hüseynov haqqındadır. Bu barədə İnformator.az saytı araşdırma aparıb.
Bir çoxlarının sevimlisinə çevrilən, çox sayda fanatı olan Zamiq Hüseynov gözəl mahnıları ilə kifayət qədər insan tərəfindən tanınır. "Kaman" mahnısı ilə də insanların qəlbinə toxunmağı bacaran müğənni elə bu mahnısı ilə də kifayət qədər dinlənilməyi də bacarıb.
Öz imici və dəst-xətti ilə fərqlənən gənc müğənninin həyatı haqqında əsas məlumatları təqdim edirik:
Dinləyicilərinin qəlbinə yol tapan Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirən müğənni, 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb və eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəyib.
2003-cü ildə Zamiqin ilk mahnısı olan "Dəymərəm qəlbinə" mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu, xalq tərəfindən sevilən "Uçduq" adlı mahnısının 2006-cı ildə eyni adlı albomu çıxıb. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutub. 2009-cu ildə "Sən necə də gözəlsən" adlı albomu çıxıb. 2010-cu ildə Yaşıl Teatrda "Sən necə də gözəlsən" adlı ilk konserti baş tutan müğənni 2010-cu ildə Röya ilə birlikdə Azərbaycanın 15 rayonunda Doğma diyar konsert proqramları ilə çıxış ediblər. 2013-cü ildə klassik bəstəkarlarımızın əsərlərindən ibarət Retro albomu çıxıb. 2014-cü ildə "Bu şəhəri çox sevirəm" adlı üçüncü albomu işıq üzü görüb və həmin il Yaşıl Teatrda eyni adlı solo konserti baş tutub. 2015-ci ildə Karaoke albomu işıq üzü görüb və 2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Hacıəlibəyovun dirijorluğu ilə simfonik orkestrla solo konsert verib. 2018-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev sarayında "Kaman" adlı konsert proqramı ilə çıxış edib. 2018-ci ildə Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklində Ələddin personajını canlandırıb. 2019-cu ildə Heydər Əliyev Sarayında "Bu gün bizim günümüz" adlı solo konsert verib və eyni ildə Naxçıvanda Saat meydanında solo konsert proqramı ilə çıxış edib. Zamiq Hüseynov uzun illərdir ki, Heydər Əliyev Fondu tərəfindən yeni il ərəfəsində Buta Palace-da təşkil olunan kimsəsiz uşaqlar üçün konsertdə daimi iştirak edir. Saysız mahnıları olan müğənni, həmçinin xarici ölkələrdə təşkil olunan dövlət tədbirlərinə müntəzəm şəkildə dəvət olunur.
Məryəm Məmmədova