Dil bilmək, tərcüməçi olmaq deyil!
Bölmə: Mədəniyyət › ,Tarix: 12:46 18.09.2023
Başqa dillərdən tərcümə olunan kitablara nəzər yetirdikdə səhvləri, dəyişimləri müşahidə edirik. Oxucular arasında bu hal müzakirəyə səbəb olub. Bunun səbəbi nədir?
Yazıçı İradə Aytel bu mövzuya aydınlıq gətirib. "Tərcüməçi təkcə tərcümə etdiyi dilə deyil, həmin dildə danışan xalqın adət-ənənəsinə, ədəbiyyatına, mədəniyyətinə, folkloruna bələd olmalıdır. Məsələn, azərbaycanlı İngilis dilindəki şeiri öz dilinə çevirirsə, o, hər iki dilə qrammatik, fonetik cəhətdən bələd olmalı, poeziyanın texniki tərəfindən başqa bədii tərəfini də anlamalıdır. Nəzmin qanunauyğunluqlarını bilmədən şeir, nəsrin incəliklərini bilmədən nəsr tərcümə etmək çox quru alınacaq".
Səhvlərə yol verilməsinin səbəbinə gəldikdə həmsöhbətimizin fikrinə əsasən səhvlərə ona görə yol verilir ki, indiki nəşriyyatlar bədii redaktora, elmi kitabdırsa elm adamına və s. pul verməyin dərdindən tərcüməni sadəcə dil bilən birisinə həvalə edir, dil bilmək tərcüməçi olmaq deyil.
Müsahibimiz tərcümlərdə edilən dəyişimlərin bəzən vacib olduğunu vurğulayıb: "Bir əsəri başqa dildə tərcümə edəndə dəyişiklik etmədən olmur. Məsələn, bizim dildə "köhnə hamam, köhnə tas" zərbi məsəlini başqa dilə tərcümə etsən heç bir məna daşımayan, gərəksiz söz yığınağı alınacaq. Halbuki, bizim dildə bu bircə cümlə ilə böyük bir fikri anlatmaq olur. Burada tərcüməçi məcburdur ki, ingilisin anlayacağı bir cümlə seçsin".
Çinarə Muradova