ARIQLAMAQ İSTƏYƏRKƏN SAĞLAMLIĞINDAN OLANLAR

Tarix: 17:09 29.09.2023
“İnsan orqanizminin normal və sağlam fəaliyyət göstərməsi üçün, arıq olmaq kimi qayda yoxdur. Hər kəsin öz bədən və sümük formasına görə, çəkisi fərqli ola bilər. Bununla paralel olaraq, fiziki aktivliyə əməl etdikdə bədən çəkisini eyni qaydada saxlamaq mümkündür”.
Bu sözləri İnformator.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, bəzi qadınlar pəhriz və monoton dietalar etməklə arıqlamağa cəhd göstərir. Lakin, gələcəkdə bunun fəsadları özünü göstərməyə başlayır.
“Pəhrizlər insan orqanizmində vitamin çatışmazlığına səbəb olur. Hər qidanın tərkibində orqanizmə faydalı vitaminlər olmur. Bu gün, insanlar daha rahat üsula əl ataraq, mədəkiçiltmə əməliyyatı elətdirir. Bu əməliyyat hər adama tövsiyyə olunacaq bir proses deyil. Mədəkiçiltmə əməliyyatında mədənin 75-80 faizi kəsilir, yemək prosesində müəyyən məhdudiyyətlər qoyulur, eyni zamanda davamlı dərman içmək lazım gəlir. Bu proseslər sona qədər davam edir və buna düzgün əməl etmədikdə, ölümə belə gətirib çıxarır. Əgər əməliyyat düzgün aparılmasa, yaxud prosesdən öncə digər orqanların fəaliyyəti tam yoxlanılmasa, bu bir sıra ciddi fəsadlara səbəb olacaq. Bu kimi hallarda, insanlarda qan təzyiqi , yorğunluq özünü biruzə verir. Əgər, orqanizm ciddi əməliyyata məruz qalmayıbsa, öz-özünü bərpa etməyə qadirdir. Qidaların normal tərzdə və vaxtda qəbul edilməsi, yüngül idman hərəkətləri, maye qəbulu, Axşam saat 11-dən etibarən, 6-7 saat müddətində yuxu rejimi, bütün bunlar normal qaydada davam etsə, orqanizm öz funksiyasın bərpa edəcək, artıq çəkidən xilas olmaq asanlaşacaq. Yuxu rejimi ona görə faydalıdır ki, hormon sistemi məhz yuxuda tənzimlənir. Yuxu rejimi qarışırsa, orqanimizmdə hormon balansı pozulur, bu da artıq çəki almağa səbəb olur. Yeməkləri qəbul edərkən belə miqdarı tənzimləyə bilmirlər. Kim sağlam, xoşbəxt, gümrah həyat sürmək istəyirsə, mümkün qədər, süni vasitələrdən çəkinməli, biznes naminə satılan arıqlama çaylarından, dərmanlarından və s. uzaq durmalıdır. Bu dərmanların, çayların tərkibində müəyyən kimyəvi maddələr var. Hansı ki, onlar orqanizmdə gedən təbii proseslerin pozuntusuna, daxili orqanların funksiyalarının zəifləməsinə, orqanizmdə vitamin-mineral azlığına, saçların tökülməsinə, dəridə səpgilərin əmələ gəlməsinə səbəb olur”.
HƏCƏR ƏMİRASLANLI