SAĞLAM OLMAQ ÜÇÜN NƏ ETMƏLİYİK? - QİDALANMA MÜTƏXƏSSİSİNDƏN CAVAB

Tarix: 17:23 29.09.2023
"Sağlamlıq bizim həyat tərzimizdən asılıdır. Sağlam həyat tərzinin olması üçün düzgün qidalanmaq ən vacib məqamlardan biridir. Qidalanmadan əlavə də yuxu rejimi, fiziki aktivliyin düzgün olması, yanaşı gedən xəstəliklərin olması və s. bunlar hamısı insanların sağlam həyat tərzinə təsir göstərir".
Bu sözləri informator.az-a açıqlamasında Kardioloq, qidalanma mütəxəssisi və ANDOP təlimçisi İradə Abdullayeva deyib. Onun sözlərinə görə, sağlam olmaq üçün ilk öncə orqanizmimizə ziyan verən qidalardan istifadəni minumuma endirməliyik. Bu qidaları həftədə 1 dəfə yarım porsiya istifadə etməyə icazə verilir, amma gündəlik rasionda olmaması lazımdır.
"Fast food, paketli qidalar, şirniyyatlar, qazlı, alkoqollu və energetik içkilər, marketlərdə hazır satılan souslar, kolbasa kimi ərzaqların tərkibində insan orqanizminə ziyanlı maddələr var. İlk öncə bunları məhdudlaşdırmaq lazımdır. İkinci vacib məqam isə gündəlik rasionumuzda faydalı makronutrientlər, vitaminlər, minerallar olmalıdır. Makronutrientlərə zülal (ət toyuq,balıq,yağ,yumurta,süd məhsulları) karbohidrat(taxıllar), yağlar (faydalı bitki yağları, Omega3 balıq yağı, Omega9 zeytun yağı,qızartma olmadan istifadəsi tövsiyyə olunur) aiddir.Vitamin və minerallarla zəngin olan qidalara isə meyvələr, tərəvəzlər, çərəzlər aiddir. Bunların miqdarı da fərdi olaraq insandan asılıdır, yəni hər bir insana individual olaraq qidalanma tərzi seçilməlidir".
İradə Abdullayeva diyetdə edilən səhvlərdən də danışıb: "Mütəxəssis olmadan insanın özünə diyet tərtib etməsi ya da hər hansısa marafonlara qoşulub standart bir menyuların istifadəsi insan sağlamlığına ziyan vura bilər. Onların bir sıra mənfi təsirləri var, çünki onlar çox az kalorili menyular verir və biz az kaloridən çəkinməliyik. Düzdür, həmin müddət insan arıqlaya bilər, amma bu pəhrizləri uzun müddət etmək olmadığından və buraxdıqdan sonra çəki iki dəfə çox qayıdır. Əlavə olaraq, bu menyularda makronutrientlər,minerallar və vitaminlər yoxdur. Bunları insan qəbul etmədikdə, başqa xəstəliklərə zəmin yaradır. Məsələn, dəmir, vitamin defisiti və s. Ümumiyyətlə, bəzi insanlarda yanaşı gedən xəstəliklər olduğuna görə, hər hansısa bir qidaya dözümsüzlüyü ola bilər. Ona görə də qidalanma mütəxəssisindən dəstək almaq məsləhət görülür".
NİGAR XƏLİLZADƏ