BÖYÜK ZƏFƏRƏ GEDƏN YOL
Bölmə: Siyasət › , Sosial › ,Tarix: 18:22 29.09.2023
Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı bu gün tarixdir. Zəfər tariximizin başlanğıcıdır. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan Vətən Müharibəsi, ordumuzun qələbə qazanaraq şanlı tariximizə yeni salnamələr yazılması ilə nəticələndi.
Prezident İlham Əliyev günahsız insanların həlak olmaması adına ermənilərin torpaqlarımızdakı vəhşicəsinə siyasətinə sakit reaksiya bildirdi. Bu onun alicənablığından irəli gəlirdi. Məsələni qan ilə yazmaqdansa,mürəkkəblə yazmağa üstünlük verən Ali Baş Komandanımız bir çox təşkilat və ölkələrə müraciətini bildirsə, belə cavabında sadəcə laqeyidlik gördü, bunun nəticəsi olaraq da 30 ilə yaxın müddətdə doğma dədə-baba torpaqlarımızdan ayrı düşdük. Həmin hadisələrdən uzun zaman kəsiyi keçsə, belə erməni xislətinin ardı-arası kəsilmir. İyundan başlayan silahlı toqquşmalar sentyabra yaxın şiddətləndi və mülki əhalinin, günahsız körpələrin həlakı xalqımızın dolmuş səbir kasasının daşmasına səbəbiyyət gətirdi.
Namus savaşında hər bir Azərbaycan fərdi özünü vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olduğunu bir daha qanı bahasına sübut etdi. Ön cəbhə, arxa cəbhə, yaş,cinsiyyət fərq etmədən xalqımız vətənin dar günündə tək yumruq şəklində, vahid bayraq altında birləşərək qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətində olduğunu bir daha sübut etdi.
Əlbəttə, müharibə qurban tələb edir. Qurban isə qansız və gözyaşı olmadan olmur. Bütün bunlar qəhrəmanlardan bizə yadigar qalacaq işarətlərdir.
Bu torpaqlarda xoş avazı əks-səda edəcək Xudayar Yusifzadənin "Vətən Yaxşıdır" sədaları eşidiləcək.
Topçu Vüsal ləqəbi ilə xalqın rəğbətini qazanmış Vüsal Şahkərimov məğrur duruşu ilə Azərbaycanın qürurunu ifadə edəcək.
"Aslanın erkəyi dişisi olmaz" məsəlini cəsurluğu ilə sübut edən Arəstə Baxışova şanlı müharibəmizin ilk xanım şəhididir.
Vətən müharibəsində sadəcə 1 günlük iştirakına baxmayaraq, bu qısa müddət ərzində elə bir hadisəyə imza atdı ki, bütün Azərbaycanın yaddaşında əbədiləşdi. Söhbət gənc ömrünü qurban verdiyi idealı mərhum general Polad Həşimovun qisasını alan Cəbrayıl Dövlətzadədən gedir.
Qısa müddət ərzində 3000-ə yaxın gənc,yaşlı,oğlan yaxud qız fərq etmədən torpaqlarımızı geri aldılar və azad edilmiş ərazilərin hər bir qarışında onların xoş avazlarını, qanlarını, sevinc nidalarını, məğrurluğunu, addım sədalarını görmək mümkündür.
Canları hesabına geri qaytarılan torpaqlarımızı və onların bizə əmanət etdikləri yadigarlarını qorumaq bizim vətəndaşlıq,insanlıq,ən əsası da vicdan borcumuzdur.
Qəlbində vicdan hissi olan hər bir şəxs onları unutmamalı və eyni zamanda unudulmaması üçün gələcək nəsillərimizə aşılamalıdır. Hər il sentyabrın 27-si vətən uğrunda öz canları bahasına şəhid düşmüş, Azərbaycanın ölməz qəhrəmanlarının əziz ruhlarını yad edərək əbədi olaraq yaşadırıq və yaşadacağıq.
Çimnaz Məmmədova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi