Paşinyanın təzyiqlər yolu ilə hakimiyətdən gedəcəyini və ya istefa verəcəyini düşünmürəm-Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 18:41 05.10.2023

Son zamanlar Paşinyanın istefasını tələb edənlərin sayı artıb. Paşinyan da qeyd edib ki, "əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olarsa, yaxın saniyələrdə hakimiyyəti tərk edəcək.
"Müxalifətçi deputatın sualını cavablandıran hökumət başçısı hakimiyyətdən Paşinyanın hakimiyyətdən getməsini tələb edənlərin sayı artsa da bu say 44 günlük Qarabağ savaşında Ermənistanın məğlubiyyətindən sonra Paşinyanın istefasını tələb edənlərin sayından çox deyil. İkinci Qarabağ savaşındakı məğlubiyyətə baxmayaraq seçkilərdə Paşinyan və komandasına səs vermiş ermənilər bu gün də Paşinyanı müdafiə etməkdə davam edirlər".

Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloqun sözlərinə görə, erməni ictimaiyyəti böyük çoxluqla Ermənistanın Qarabağ yükündən azad olunmasının tərəfdarıdır.

"Odur ki, mən Paşinyanın təzyiqlər yolu ilə hakimiyətdən gedəcəyini və ya istefa verəcəyini düşünmürəm. Hətta Paşinyan özü istəsə belə, onu hakimiyyətə gətirən güclər, Soros, ABŞ və bir sıra Qərb dairələri onun getməsinə imkan verməzlər. Çünki Paşinyan hələ ki, hakimiyyətə gələndən bu güclər qarşısında götürdüyü öhdəlikləri icra etməyib. Öhdəliklər isə Rusiyanın Cənub Qafqaz regionundan çıxarılması ilə bağlıdır. Bu gün Paşinyanın hakimiyyətdən getməsini şərtləndirə biləcək yeganə yol hərbi çevrilişdir. Ermənistanda ordu içərisində hələ də Rusiyaya bağlı olan kifayət qədər qüvvələr var, odur ki, hərbi çevriliş yolunu istisna etmək olmaz. Amma Paşinyanın getməsi və ya qalmasının, yerinə hər hansı bir başqasının gəlməsinin bizim üçün böyük ölçüdə bir təsiri olmayacaq. Mən “Paşinyan gedərsə və Rusiyaya bağlı kimsə hakimiyyətə gələrsə vəziyyət dəyişəcək” kimi fikirlərlə razı deyiləm. Çünki Ermənistanda hakimiyyətə gələ biləcək yeni qüvvələrin belə Paşinyandan fərqli davranmaq imkanları yoxdur. İstər Nikol Paşinyanın, istərsə də hər hansı digər siyasi qüvvənin Qarabağla bağlı vəziyyəti dəyişəcək, yaxud situasiyaya təsir göstərəcək mövqe sərgiləmək imkanları mövcud deyil. Bu gün yenidən Qarabağ deyib Paşinyanın istefasını tələb edən qüvvələr unutmamalıdılar ki, Paşinyan da hakimiyyətinin başlanğıcında siyasi karyerasını Qarabağın üzərində qurmağa çalışırdı. Təxribatçı bəyanatlar da səsləndirilirdi. Sabiq müdafiə naziri Tonoyan yeni ərazilərin işğalından dəm vururdu. Amma nəticə nə oldu? Azərbaycan öz ərazi bütövlüyünü də, antoterror tədbirləri ilə öz suverenliyini də təmin etdi".

Asiman Hafizqızı