Azərbaycanda sosial media ilə bağlı qanun qəbul edilə bilərmi?-AÇIQLAMA
Bölmə: MEDİA › ,Tarix: 21:08 20.11.2023
"Sosial media haqqında" qanun artıq Almaniya, Fransa Türkiyə və digər dünya dövlətlərində qəbul edilib. Azərbaycanda da bu qanunun hazırlanması prioritet məsələyə çevrilib. Bəs, "Sosial media haqqında" qanunun mahiyyəti nədir?
Məsələ ilə bağlı sosial media mütəxəssisi Qoşqar Bəylərov İnformator.az-a açıqlamasında suallarımızı cavablandırıb.
“Sosial media haqqında qanun vətəndaşların sosial mediadakı fəaliyyətini tənzimləmək üçün nəzərdə tutulub. Müxtəlif ölkələrdə buna bənzər qanunlar qəbul edilib. Bu qanunları hazırlayarkən bəzi ölkələr sosial media istifadəsi ilə bağlı geniş məhdudiyyətlər tətbiq edir. Bu məhdudiyyətlər əsasən təhlükəsizlik, şəxsiyyət məlumatlarının qorunması, ictimai qarşıdurmaların qarşısının alınması və s. üçün nəzərdə tutulur”.
Ekspertin sözlərinə görə, ən çox rast gəlinən sosial media qanun modellərindən biri də məzmun tənzimləməsi ilə bağlıdır.
“Bu, qumar, terrorizm, təhqir edici məzmun və ya qanun pozuntularını təşkil edən, digər məzmunların yayılmasına qarşı mübarizəni hədəfləyir. Bəzi ölkələr də isə bu qanun sosial media şirkətlərinin vətəndaşlarınınn məlumatlarından sui-istifadə hallarının qarşısını almaq məqsədini daşıyır”.
Mütəxəssis düşünür ki, Sosial media qanunu hazırlanacaqsa, bu qanun vətəndaşı ilk növbədə qlobal sərmayedən (sosial media platformaları nəzərdə tutulur) qorumalıdır.
Bəs Azərbaycanda "Sosial media haqqında" qanuna ehtiyac varmı?
Qoşqar Bəylərovun sözlərinə görə, ölkəmizdə bu gün belə bir qanun olmasa da yaxın gələcək də bununla bağlı fikirlərin səslənəcəyi gözləniləndir.
“Azərbaycanda da sosial media haqqında qanuna ehtiyac var. Sosial media böyük sferadır. Əlbəttə ki, bu qanunla tənzimlənməlidir. Amma düzgün qanun modeli seçilməlidir. Vətəndaşı sosial şəbəkələrin birbaşa özündən qoruyan, yəni vətəndaşların məlumatlarının satılmasının qarşısını alan qanun modelinə Azərbaycanda da lazımdır”.
Ekspert deyir ki, bu gün vətəndaşlar qlobal sərmayənin qurbanı olurlar, onların məlumatları satılır.
“Bu cür vətəndaşların tərəfində olan, onları qorumağa çalışan qanun gərəkdir. Bəzən cəmiyyətdə bu qanunun mahiyyəti səhv anlaşılır. Lakin vətəndaşın informasiya hüququnu, onların söz və fikir azadlığını boğmağa çalışan qanun modelindən söhbət getmir, buna ehtiyac da yoxdur”.
"Sosial media haqqında" qanun dezinformasiyaların və kiber hücumların qarşısını ala biləcək?
Mütəxəssis düşünür ki, sosial media platformaları çox genişdir.
“Yeni qəbul olunan qanunla bütün dezinformasiyaların və kiber hücumların qarşısını almaq mümkün deyil. Bunun üçün uzun illərin tənzimlənməsi lazımdır. Qəbul edilən qanun tam şəkildə dezinformasi və kiber hücumların qarşısını almasa da, müəyyən qədər qarşısı alına bilər”, - deyə ekspert əlavə edib.
Asiman Hafizqızı