Sənədsiz evlərə çıxarış nə zaman veriləcək?-Ekspert detalları açıqladı

Tarix: 17:47 21.11.2023
“Ölkəmizdə, xüsusən də paytaxt Bakı, Abşeron və digər böyük şəhərlərimizdə yüzminlərlə çıxarış ala bilməyən fərdi həyət evləri mövcuddur. Çıxarış verilməyən fərdi həyət evlərinin böyük bir hissəsi paytaxt Bakı və Abşeronun üzərinə düşür ki, bunun da sayı bəzi rəqəmlərə görə 500.000-ə yaxındır”.
Bu sözləri İnformator.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. Ekspertin sözlərinə görə, çıxarış ala bilməyən mənzil sahiblərinin böyük əksəriyyətinin əlində müəyyən sənədlər var.
“Hansı ki, o sənədlər bir zamanlar Rayon İcra Hakimiyyətləri, bələdiyyətlər, kalxozlar və digər dövlət qurumları tərəfindən ayrılan torpaq sahələridir ki, vətəndaşlar indi həmin torpaq sahələri üzərində böyük massivlər, qəsəbələr salıblar. Bunların sayı bu gün xeyli dərəcədə artıb”.
Ekspert deyir ki, evlərə sənədlərin verilməməsində müxtəlif səbəblər, bir çox problemlər var.
“Sənədsiz evlərin bir hissəsi Sovetlər dövründən qalıb. Bakının mərkəz hissələrində bir sıra ərazilər var ki, onlar Sovet dövründən yaşayış massivi olsalar da, həmin ərazilərin böyük hissəsi çıxarışla təmin olmayıb. 90-cı illərdən başlayaraq paytaxta böyük əhali axını baş verdi. İlk axın 1988-ci ildə baş tutdu”.
Ekspertin sözlərinə görə, bu axın nəticəsində Ermənistandan məcburi köçkün düşən həmyerlilərimizin böyük əksəriyyəti paytaxt Bakıya üz tutdular.
“Daha sonra əhalinin bir qismi Sovetlər dağıldıqdan sonra bölgələrdən işlə bağlı paytaxta ciddi axın etməyə başladılar. I Qarabağ Müharibəsi ərəfəsində yüz minlərlə məcburi köçkünlərimiz paytaxt Bakı və digər böyük şəhərlərimizə üz tutdular”.
Elnur Fərzəliyev bildirir ki, şəhərdə insanlar məcburən həmin torpaq sahələri üzərində evlər tikdilər və bu ərazilərdə böyük qəsəbələr, massivlər salındı.
“Bu gün həmin ərazilərə sənədlərin verilməməsinin əsas səbəblərindən biri də, o ərazilərdəki torpaqların təyinatlarının digər təyinatlı torpaqlar olmasıdır. Hər hansı tikiliyə çıxarışın verilməsi üçün ilk öncə onun torpağının təyinatı tikili ilə eyniləşməlidir”.
Ekspert daşünür ki, əgər fərdi yaşayış evləri tikilən ərazidirsə, o ərazinin torpağının təyinatı yaşayış məntəqələri üçün təyinatlı olmalıdır.
“Çıxarış problemi neçə müddətdir ki; cəmiyyətimizdə mövcuddur. Bununla bağlı dəfələrlə Cənab Prezidentin tapşırığı və digər imzalı sənədləri olsa da, bu günə qədər bu proses sürətlə inkişaf edə bilmir. Prosesin ləng getməsi vətəndaşlara mənfi təsir göstərir. Vətəndaşların mülkiyyət hüquqları tanınmır. Əksər hallarda öz evlərində qeydiyyata düşə bilmirlər”.
Elnur Fərzəliyevin sözlərinə görə, çıxarışı olmayan mənzil sahibləri dünyasını dəyişərkən vərəsələr arasında əmlak bölgüsündə ciddi problemlər yaşanır.
“Eyni zamanda, boşanmalar zamanı da əmlak bölgüsündə ciddi problemlər yaşanır. Çıxarışı olan mənzillər dövlətə torpaq və əmlak vergisi ödəyirlər. Həmin əmlak sığortalanır. Bu əmlakların alqı-satqısı zamanı dövlətə vergi ödənilir. Həmin çıxarışın əmlakı ipoteka predmetinə çevrilərək bank vasitəsilə satıla bilir, yaxud banklara girov şəklində qoyularaq pul götürülə bilir”.
Ekspert deyir ki, bu çıxarışların verilməməsində vətəndaşlar əziyyət çəkdiyi qədər, dövlət büdcəsi də külli-miqdarda gəlirlərdən məhrum olur.
“Bu baxımdan bu prosesin sürətlənməsi ölkəmizə qeyri-neft sektorundan, daşınmaz əmlak sahəsindən ciddi pul axımına səbəb ola bilər. Həmçinin, vətəndaşların mülkiyyət hüquqları qorunmuş və tanınmış olar”.
Müsahib düşünür ki, Mediada müxtəlif informasiyalar getsə də, aiddiyyyatı qurumlar tərəfindən prosesin sürətlənməsi ilə bağlı xəbərlər yayımlansada; görsənən mənzərə odur ki, hələ də bu sahə ilə bağlı ciddi dəyişiklik yoxdur.
“Sevindirici hal ondan ibarətdir ki, çıxarışı olmayan qeyri-yaşayış obyektlərinə çıxarışların verilməsinə hazırda start verildi. Paytaxt Bakı və Abşeronda 50 minə qədər çıxarışı olmayan qeyri-yaşayış obyektləri çıxarışla təmin olunacaq”.
Ekspert qeyd edir ki, yaxın zamanlarda fərdi həyət evlərinin də çıxarışlarının verilməsi ilə bağlı addımlar atıla bilər.
“Nəticədə vətəndaşların da hüquqları qorunmuş olar. Təbii ki. vətəndaşlar uzun müddət eyni ərazidə yaşayırlarsa, yaxud vətəndaşı yaşadığı ərazidən məcburi heç kim çıxarmırsa, bu zaman düşünürəm ki, vətəndaşların mülkiyyət hüquqları qanuni şəkildə tanınmalıdır. Əgər tanınarsa, həm vətəndaş məmnuniyyəti baş verər, həm də ölkəmiz bu sahədən ciddi gəlirlər əldə edə bilər”, - deyə ekspert yekunlaşdırıb.
Həcər Əmiraslanlı