İsrail-HƏMAS savaşı nə zaman bitəcək? -Politoloq açıqladı
Bölmə: Siyasət › ,Tarix: 22:06 07.12.2023
“Bütün müharibələr nəticədə sülhlə yekunlaşır. İsrail-Fələstin müharibəsi də əlbəttə ki, sülhlə yekunlaşacaq. Ancaq söhbət Qəzzanın bütövlükdə, Fələstinin gələcəyindən gedirsə, əlbəttə burada ABŞ və onun tərəfdarları birmənalı olaraq qərarlar verə bilməz. Ona görə də, bu məsələdə müsəlman dünyasının, eyni zamanda region dövlətlərinin və İslam dünyasının Bayraktarı olan qardaş Türkiyənin iştirakı olduqca vacibdir”.
Bu fikirləri İnformator.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. Onun sözlərinə görə, BMT-nin baş assambleyasının sonuncu çıxışında səs vermələrdən də məlum oldu ki, ABŞ-ın mövqeyini 200-ə yaxın dövlət içərisində yalnız 14 dövlət müdafiə etdi.
“Və bunların içərisində 40-a yaxın dövlət öz birtərəf mövqeyini saxladı. 121 dövlət isə ABŞ-ın əleyhinə, Türkiyə və digər İslam dövlətlərinin, o cümlədən Fələstinin xeyrinə olacaq yöndən qərar verdilər. Bu olduaca ciddi bir göstəricidir. ABŞ kimi hegemon güc və onun tərəfdaşları bunu nəzərə almaya bilməz.Əslində bu reallıq o faktı ortaya qoydu ki, İsrail artıq Fələstini, yaxud Qəzzanı işğal edib, gələcəkdə idarə və nəzarəti ələ keçirə bilməz. Düşünürəm ki, yaxın zaman çərçivəsində bu hərbi əməliyyatlar bitən kimi İsrail ordusu Qəzzadan çıxmaq məcburiyyətində qalacaq”.
Politoloq düşünür ki, ABŞ belə bu məsuliyyəti qaldıra bilməz.
“Çünki bu prosesdə, təkcə İsrailə deyil, ABŞ-da olan Bayden hakimiyyətinin nüfuzuna da ciddi zərbə dəyib. ABŞ odun üzərinə kerosinlə getdiyi üçün bu məsələlər bura qədər gəlib çatdı. Ona görə də, ABŞ bu gün ən azından bu itirilmiş yanlış imkanları yenidən dəyərləndirmək və nüfuzunu bərpa etmək, fikrindədir. Beynəlxalq güclərin Qəzzada yerləşməsi məsələsi isə İsrail qoşunlarının Qəzzanı tamamilə tərk etməsindən sonra mümkün olacaq bir ideyadır. Əlbəttə ki, burada mütləq mənada İslam ölkələri və qardaş Türkiyə yer almalıdır”.
Natiq Mirinin sözlərinə görə, qardaş Türkiyə bu prosesi tamamilə sülh vasitəsilə həll etməyin tərəfdarıdır.
“Çünki bu atəşkəs təmin olunub, müharibə dayandırılsa, belə bu yeni təhlükələrin ortaya çıxmayacağı anlamına gəlməz. Çünki, bu münaqişəni yaradan səbəblər ortadan qalxmadıqca, təbii ki, təməl olaraq bu münaqişələr davamlı olacaq. Nəzərə almaq lazımdır ki, bu proses 1947-ci ildən bu günə qədər davam edən uzunmüddətli münaqişədir .Çünki zaman -zaman bu prossesə yanaşma sadəcə olaraq bunu dondurma xarakterli, müəyyən ərəb liderlərini, Fələstin liderlərini qısamüddətli yeniləməklə, basdırmaqla bu prossesi dondurub buraya qədər daşıya biliblər”.
Politoloq qeyd edir ki, Türkiyə belə bir ideya ortaya atıb ki, Fələstin konkret olaraq bir qarantor ölkə kimi çıxış edə bilər.
“Və bu prossesin dayandırılması, sülh prossesinin danışıqların başlanılmasını nəticələndirmək istəyini ortaya qoyub. O cümlədən, ABŞ və İsraili müdafiə edən digər dövlətlərində İsraildən yana bir qarantor dövlət kimi çıxış etməsini istəyir. Burada mövzu odur ki, bu təhlükəsizlik təminatı üçün regionda konkret qarantor dövlətlərin ortalığa çıxması və bu prosesə məsuliyyət daşımaları məsələsini gündəmə gətirib ki, bunun özü də zənnimcə, gələcək perspektiv üçün müəyyən müsbət gözləntilər vəd edir. Ancaq beynəlxalq təhlükəsizlik qüvvələrinin sadəcə olaraq qısa və ya uzunmüddətli təhlükəsizliyi təmin etmək xarakterlidirsə, bu layihə düşünürəm ki, effekt vermiyəcək”.
Müsahib əlavə edir ki, bu gün 2 milyondan çox Fələstinlinin hər biri ayrı-ayrılıqda Həmasçıdır.
“Həmas liderlərini, Həmas əsgərlərini öldürmək istəyən İsrail ordusu artıq 16.000-dən çox Fələstinlini, özüdə məsul şəxsləri qətlə yetirib və bunların 3/4-nü uşaqlar və qadınlar təşkil edir. Bu o deməkdir ki, bu gün Fələstində, Qəzzada hər bir ailə öz üzvləri ilə bağlı itkiyə məruz qalıb. Belə bir vəziyyətdə isə sadəcə təhlükəsizliyi təmin etməklə beynəlxalq qüvvələrin Qəzzada yerləşməsi qısamüddətli bir effekt verə bilər. Ona görə də bu məsələni Türkiyənin də dediyi kimi təməldən çözməyə ehtiyac var”.
Natiq Miri düşünür ki, qısamüddətli təhlükəsizlik təminatından sonra dərhal diplomatik masa arxsında sülh prossesinə başlamaq lazımdır.
“Türkiyə belə, buna hazır olduğunu bildirib. Əgər proses bu yöndə gedəcəksə, bəli, bu münaqişəni bitirmək, bütövlükdə yaxın Şərqdə uzunmüddətli bu münaqişəni sona çatdırmaq mümkün olacaq ki,buda gələcəyə həm əməkdaşlıq həmdə, inkişaf,sülh vəd edir”, - deyə politoloq yekunlaşdırıb.
Tehran Yusifli