Nişansız kəsişmə

Bölmə: Sosial › ,
Tarix: 18:27 12.12.2023

Paytaxtın Yasamal rayonu Seyfəddin Dağlı və Süleyman Dadaşov küçələrinin kəsişməsində günün istənilən saatında xaotik vəziyyət höküm sürür. Səbəb hərəkətin təşkilindəki çatışmazlıq olduğu deyilir.


Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, hərəkətin təşkilindəki natamamlıq sürücüləri üz-üzə qoyur. Problemin yeganə həlli baş yol nişanıdır.

 


"Yol ayrıcına daxil olan sürücülərin əksəriyyəti mərkəzdə çaşıb- qalır. Çünki, üzbəüz gələn nəqliyyat vasitələrinin sürücüləri hərəkət üstünlüyünün kimdə olduğunu bilmir. Ərazidə nişanların olmaması isə vəziyyəti bir qədər də qəlizləşdirir".

 


Ərşad Hüseynov qeyd edib ki, həmin yolayrıcında hərəkətin təşkili ilə bağlı ciddi problemlər var.

 

 

"Problem ondan ibarətdir ki, üstünlük nişanları komplektləşdirilməyib. Seyfəddin Dağlı, Süleyman Dadaşov küçələri kəsişirlər, mətbuat prospekti tərəfdən gələnlərin qarşısında 2.4 nişanı var, Hüseyn Cavid prospektindən gələnlərin qarşısında 2.5, dayanmadan keçmək qadağandır nişanı var. Bu o deməkdir ki, həmin küçə ikinci dərəcəli yoldur. Özü də hər iki istiqamətdə. Süleyman Dadaşov küçəsində isə heçnə yoxdur, heç bir nişan yoxdur. Əslində bax bu çox ciddi qüsurdur, hərəkətin təşkilindəki natamamlıqdır".

 


Ekspert deyib ki, problemi aradan qaldırmaq üçün Süleyman Dadaşov küçəsində mütləq şəkildə Baş Yol nişanı quraşdırılmalıdır, belə olan halda artıq üzbəüz gələn sürücülər hərəkət üstünlüyünün kimdə olduğunu daha yaxşı başa düşəcəklər.

 


" Kim ki, hərbi hissə tərəfdən gəlir, mətbuat prospekti istiqamətinə sola dönmək istəyirsə texniki unversitet tərəfdən gələnlərə mütləq yol verməlidir. Yol verməsələr əlbətdə yolayrıcını keçmə qaydalarını pozmuş olacaqlar. Ona görə də cərimələnə bilərlər. Amma vəziyyəti aydınlaşdırmaq üçün, hərşeyi dəqiqləşdirmək üçün ora, hər iki istiqamətə baş yol nişanı qoyulmalıdır".

 


Nişanlardan cavabdeh olan qurum, Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, ərazidəki vəziyyət təhlil edilcək və nəticəyə uyğun tədbir görüləcək.

Gündüz Vaqifoğlu