Türkiyə polisi İmamoğlu ilə bağlı ikinci xüsusi əməliyyat keçirib

Tarix: 22:38 30.04.2025
Türkiyə polisi İstanbulun meri Əkrəm İmamoğlu barəsində korrupsiya ilə bağlı başladılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib.
“Habertürk” telekanalının məlumatına görə, əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb. Onlardan 18-i məhkəmə qərarı ilə həbs edilib.
Bundan əvvəl, aprelin 26-da İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanıldı. Daha sonra hüquq-mühafizə orqanları daha 5 nəfəri də həbs etdi.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımovun “İnformator.az”a verdiyi açıqlamaya görə, gələcəkdə məhkəmə prosesində irəli sürülən iddialar təsdiqini taparsa, bu, şübhəsiz ki, İmamoğlunun nüfuzuna ciddi xələl gətirəcək:
“Türkiyədə son ay yarımda baş verənlər, xüsusilə də İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu barədə korrupsiya iddiaları ilə bağlı aparılan istintaqlar kifayət qədər ciddi məsələdir və Türkiyə siyasətinə böyük təsiri olan bir hadisədir. Hazırda aparılan istintaq və ortaya çıxarılan faktlar olduqca qətidir. Əgər bu iddialar təsdiqlənsə, bu, olduqca ciddi məsələ olacaq. Bu, həm İmamoğlunun, həm də onun üzv olduğu CHP-nin nüfuzuna kəskin xələl gətirə bilər. Bu baxımdan, ilkin mətbuatda yayılan məlumatlar əsasında bu qənaətə gəlmək mümkündür. Hazırda istintaq davam edir və bu proses obyektiv şəkildə yekunlaşdırıldıqdan sonra artıq məhkəmənin verəcəyi qərara uyğun olaraq konkret fikir bildirmək mümkün olacaq".
Fatimə Şahverdiyeva