Tarixdə bu gün-Şeyx Şamilin anım günü
Bölmə: Araşdırma › ,Tarix: 19:15 04.02.2024
Bu gün Qafqaz dağlılarının rəhbəri, rus işğalına qarşı 35 il müqavimət göstərən, Qafqaz xalqlarının milli qəhrəmanı-Şeyx Şamilin anım günüdür.
Şeyx Şamil 1797-ci ildə Gimridə anadan olub. Şamil anadan olanda ailəsi ona Əli adını qoyur. O, uşaq ikən arıq və zəif idi, tez-tez xəstələnirdi. Bu səbəbdən də ona dayısı Şamilin adını qoyurlar. Bundan sonra Şamil düzəlməyə başlayır və öz gücü ilə hamını heyrətə salan qüvvətli bir gənc olur. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşında isə O, 2 metr boyunda olmasına baxmayaraq tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox ustalaşır.
Şamil imam – yəni dövlət başçısı seçildikdən sonra ilk iş olaraq dövlətin daxilindəki vəziyyəti səhmana salmağa başladı. Ruslara qarşı güclü müqavimət göstərmək üçün, təhsildə vacib islahatlar apardı. Onun hakimiyyətdə olduğu zamanlarda top, barıt, digər silah-sursat istehsalı və tədarükünə ciddi fikir verilirdi. Bunların nəticəsində Şamil ruslara qarşı böyük qələbələr qazanır və hakimiyyəti Dağıstan bölgəsində yaşayan xalqlar tərəfindən qəbul edilir.
Onun 1839-cu ildə 3 min əsgəri ilə rusların 10 mindən artıq yüksək səviyyədə silahlanan ordusuna qarşı 80 günlük müdafiəsi hərb tarixinə düşüb. Şamil bu müharibədə həyat yoldaşı Cevhəratı, oğlu Səidi və bacısı Məsudəyi itirir, 8 yaşındakı oğlu Cəmaləddini ruslara girov vermək məcburiyətində qalır. Dost ölkələrdən heç bir kömək görməyən İmam Şamilin nəhayət əlindəki bütün qüvvə və qaynaqları tükəndi və 1859-cu ildə 70.000 nəfərlik rus ordusuna təslim olur. Ruslar Şamil və ailə üzvlərini Peterburqa Çarın yanına aparırlar. O, Rus Çarı II Aleksandr tərəfindən sarayın qapısında böyük hörmətlə qarşılanır. Şeyx Şamil bir aya qədər sarayda qonaq qalır. Lakin Şamilə əsarət çox ağır gəlir, 2 il içərisində onun qapqara saçları ağappaq olur.
Aradan 10 il keçəndən sora Çar onun Həccə getməsinə icazə verir. Şamil 1870-ci ildə adamları ilə bərabər Rusiyadan çıxaraq əvvəlcə İstanbula gəlir, Sultan Əbdüləziz tərəfindən sarayda qarşılanan Şamilin İstanbula gəlməsi xəbəri yayıldığı zaman şəhər bir-birinə qarışır, xalq bu böyük qəhrəmanı görmək üçün saray qapısına axışmağa başlayır. Sultanın xüsusi gəmisi ilə Məkkəyə gələn Şamil Məkkədə də böyük bir izdiham tərəfindən təntənəli mərasimlərlə qarşılanır.
Şamil həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə gedir. Mədinədə olarkən xəstələnir və 4 fevral 1871-ci ildə vəfat edir.
Bütün həyatını Allah üçün cihada, ölkəsinin birliyinə həsr edən, hərbi zəkasını bütün dünyaya qəbul etdirən, adını dünya tarixinə "gəlmiş-keçmiş ən böyük müqavimət lideri" olaraq yazdıran Şeyx Şamil yalnız Dağıstanın yox bütün Qafqaz xalqlarının qəhrəmanıdır.
Yusif Mamedov