Tarixdə bu gün-Həbib bəy Səlimovun doğum günü

Bölmə: Araşdırma › ,
Tarix: 22:31 08.02.2024

Bu gün Əsgəran savaşının qəhrəmanı, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun ilk baş qərargah rəisi, general-mayor-Həbib bəy Səlimovun doğum günüdür.

 

Həbib bəy Səlimov 1881-ci ildə İrəvanda anadan olub. O, ilk təhsilini İrəvan Müəllimlər Seminariyasında aldıqdan sonra elə həmin şəhərdə gimnaziyaya daxil olur və gimnaziyanı birinciliklə bitirir. Uşaqlıqdan hərbiyə marağı ilə seçilən Həbib 1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq Gəncə süvari alayında 1 il 2 ay xidmət edib. Orduda göstərdiyi üstün xidmətlərə görə 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə isə elə həmin hərbi hissədə komandir təyin olunub. 1907-ci ildə Müqəddəs Vladimir ordeni ilə təltif edilən Həbib bəy bundan sonra bir neçə sərhəd bölgəsində xidmət edib.

 

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Həbib bəy Səlimov ilk vaxtlar Cümhuriyyət ordusunda Dəftərxana rəisi vəzifəsində çalışır. Göstərdiyi peşəkarlığa görə bir müddət sonra Nuru Paşa tərəfindən Azərbaycan Korpusunun Qərərgah Rəisi təyin edilən Həbib bəy həmçinin Azərbaycan qoşunlarının Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olur. O, bu yürüş zamanı Ələti, Atbulağı və Nəvahini azad edir. Həbib bəyin bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdirdiyi dövrdə ona polkovnik hərbi rütbəsi verilir. 26 fevral 1919-cu ildə Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə Həbib bəy Səlimova general-mayor rütbəsi təltif edilir.

 

1920-ci ildə ermənilərin Qarabağda yerli əhaliyə qarşı soyqırıma başlaması səbəbindən Həbib bəy Səlimov Qarabağa göndərilir. Baş verən döyüşlərdə üstün hərbi zəkası ilə erməniləri məğlub etməyi bacaran Həbib bəy bundan sonra yaddaşlarda Əsgəran savaşının qəhrəmanı kimi qalır.

 

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşeviklər onu Naxçıvanda hərbi komissar təyin etsə də, Həbib bəy bolşeviklərə işləməyi rədd edir. Bu səbəbdən 1920-ci il dekabrın 30-da Azərbaycanın görkəmli qəhrəmanı Həbib bəy Səlimov bolşeviklər tərəfindən güllələnir. Məhəmməd Əmin Rəsulzadə ölümündən sonra qəhrəmanlığı dillər əzbəri olan Həbib bəy Səlimovu  Azərbaycanın istiqlal şəhidi adlandırıb.

 

Yusif Mamedov